Azərbaycan Ordusunda psixoloqların bilik və bacarıqları təkmilləşdirilir
Azərbaycan Ordusunda xidmət edən psixoloqların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda “Psixoloji qiymətləndirmə prosedurları” mövzusunda təlim keçirilib.
Bolqarıstan Respublikasından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə keçirilən təlimdə psixoloji qiymətləndirmə prosedurları, gənc əsgərlərin orduya qəbulunda onların psixoloji vəziyyətlərinin dəyərləndirilməsi, hərbi qulluqçuların xidmət dövründə üzləşə biləcəkləri travmaların diaqnostikası və öyrənilməsi yolları barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, iştirakçılara Bolqarıstan Ordusunun psixoloqlarının tətbiq etdiyi mexanizmlər və onların praktik üsulları diqqətə çatdırılıb.
Hərbi qulluqçuların bütün xidmət dövründə psixoloji uyğunluqlarının ölçülməsini nəzərdə tutan mövzuda keçirilən təlim interaktiv qaydada aparılıb, dinləyicilər təcrübi çalışmalar vasitəsilə əldə olunan bilikləri möhkəmləndiriblər.