azturkxeber.az
http://azturkxeber.az

Tarix, Fəlsəfə və Suverenlik: Müasir Azərbaycan Düşüncəsinin Dinamikası

22-09-2025

Sentyabr bizim üçün qələbə ayıdır, çünki tarixdir, suverenlikdir, bir az da baxanda təqvim fəlsəfəsidir.

Bu gün mən “Müasir Azərbaycan ictimai fikrinin istiqamətləri, problemləri və tendensiyaları” mövzusunda fikirlərimi bölüşdüm.

Müasir Azərbaycan ictimai fikrinin əsas istiqamətlərini üç başlıq altında toplaya bilərik:

Birincisi – milli-mənəvi dəyərlərin qorunması və inkişafı. Ənənələrimiz qloballaşma ilə yanaşı davam edir və xalqımız öz kimliyini itirmir.

İkincisi – siyasi və vətəndaş şüurunun formalaşması. Dövlətçilik, suverenlik və demokratik idarəetmə prinsipləri xalqın düşüncəsində daha da dərinləşir.

Üçüncüsü – elmi-texnoloji transformasiya. Rəqəmsal dövrün informasiya texnologiyaları, sosial media və yeni kommunikasiya vasitələri ictimai fikrə böyük təsir göstərir.

Əlbəttə, inkişaf yolunda qarşıya çıxan problemlər də az deyil.

Dezinformasiya və saxta xəbərlər ictimai fikri çaşdırır, etibarlılıq böhranı yaradır.

Qloballaşma ilə milli dəyərlərin aşınma təhlükəsi mövcuddur.

Gənclərin intellektual potensialından, xüsusən də elm və fəlsəfi düşüncədə tam istifadə edilmir.

Amma bizdə ümidverici tendensiyalar da var.

44 günlük Vətən müharibəsindən sonra milli həmrəylik ideyası daha da güclənib, ictimai fikir yeni məzmun qazanıb.

İctimai debat və müzakirə mədəniyyəti formalaşır, müxtəlif qruplar artıq açıq şəkildə yeni fikir bildirməyə təzə tezislər tapıblar.

Lakin İnformasiya siyasəti beynəlxalq imicimizlə uzlaşırmı? Azərbaycan dövlətinin dünyaya təqdim olunması ictimai fikrin əsas mövzularından biridir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da təsadüfi deyil. Bu, yüzillərlə xalqımızın arzusunun ifadəsinə çevrilib axı. Biz müstəqil və suveren dövlət qurmaq üçün minlərlə şəhid vermişik. Uzun illər boyu torpaqlarımızı itirmişik, bir neçə dəfə müstəqillik elan etmişik, amma həqiqi suverenlik əldə edə bilməmişik.

Bu gün isə artıq Azərbaycan suverenliyini Rusiyanın əlindən alıb, İranın nəfsindən qoruyub, qlobal erməni siyasətindən xilas edib. Və bütün bunlara cəmi bir neçə ilə nail olub.

Əlbəttə, qarşıda bir çətin məsələ qalır – düşüncə suverenliyi. 5 nəsil, 8 nəsil işğal siyasətində yaşamış bir xalqın birdən-birə tam azad düşünməsi asan deyil. Amma əmin olaq ki, bu da gələcək! Düşüncə suverenliyi mütləq gələcək!

Tarix əslində mübahisə doğurmamalıdır. Düzdür, o doqma deyil, lakin tarixin fəlsəfəsi onun müzakirəsi üçün əsas təşkil etməlidir.

Dünyada tarxin simulyasiya deyə mühüm bir yanaşma var:

Məsələn, Səfəvilər dövləti şiəlik ideologiyasını dövlətin əsas siyasəti kimi elan etməsəydi, və ya SSRİ qurulub, biz işğal edilməsəydik, yaxud da almanlar Qafqaz cəbhəsini yarsaydı və qalib gəlsə idi ölkəmizin tarixi necə dəyişərdi?

Bütün bu cür simulyasiyalar olanları sonuncu və dəyişməz dəmir həqiqət kimi, hətta qanun kimi qəbul etməyi deyil, proqnoz verməyi, alternativlər yarada bilməyi və digər variantları da istisna edilmədiyini ortaya çxaran bir baxışdır.

Nəhayət,

Gələcəyə baxanda Azərbaycan türk fəlsəfəsi və ictimai fikir tarixi yalnız keçmişin xatirəsi kimi qalmayacaq, yeni məzmunlarla zənginləşəcək. İlk növbədə, milli-mədəni irsimizin fəlsəfi sistemləşdirilməsi aparılacaq.

Digər tərəfdən, zəfər fəlsəfəsi və dövlətçilik ideyaları düşüncə tariximizin ayrılmaz hissəsinə çevriləcək.

İslam–Türk sintezi və multikultural dəyərlər də gələcəyin istiqamətverici elementlərindən biri olacaq.

Qlobal çağırışların qarşısında isə Azərbaycan türk fəlsəfəsi yeni fəlsəfi cavablar axtarır.

Milli kimlik -milli pasport, milli mən- hamısı bizi gələcəyə doğru aparmalıdır, amma öz qatarımızda..






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930