İsveç bələdiyyələri külək enerjisindən vəd edilmiş milyonları ala bilmir
İsveçdə ərazisində külək stansiyalarının tikildiyi və fəaliyyət göstərdiyi bələdiyyələrə ödənilməmiş vəsaitdən narazılıq artır.
Hökumət külək enerjisinin inkişafını stimullaşdırmaq və yerli hakimiyyət orqanlarının yükünü kompensasiya etmək üçün 2025-ci ildə 340 milyon kron (30,9 milyon dollar), sonrakı illərdə isə əlavə məbləğlər ayıracağını vəd edib. Lakin ilin sonuna bir neçə ay qalmasına baxmayaraq, indiyədək bir kron da daxil olmayıb.
Gecikmə həm sənaye nümayəndələrinin, həm də yerli siyasətçilərin qəzəbinə səbəb olub. Onqe bələdiyyəsinin komissarı Erik Lövgren vurğulayır ki, əhalisi 9 mindən bir qədər çox olan kiçik bir icma üçün vəd edilmiş 16 milyon kron (təxminən 1,5 milyon dollar) əhəmiyyətli məbləğdir.
“Biz bu pula ümid edirik. Elektrik enerjisi istehsalı artmalıdır, lakin atom elektrik stansiyaları ən azı on ildən sonra peyda olacaq, külək enerjisinin inkişafı isə artıq yavaşlayıb”, - deyə E.Lövgren vurğulayıb.
“Westander Klimat och Energi” konsaltinq şirkətinin məlumatına görə, bələdiyyələr bu il planlaşdırılan külək enerjisi layihələrinin 95 faizindən çoxunu dayandırıb.
Müxalifət partiyaları da kəskin reaksiya verib. Yaşıllar Partiyasının enerji siyasəti üzrə nümayəndələri hökuməti “monumental səriştəsizlik”də ittiham edərək bildiriblər ki, onların partiyası energetika və sənaye naziri Ebba Buşun hesabat vermək üçün parlament komitəsinə çağırılmasını tələb edir. Sosial Demokratlar da hesab edirlər ki, hökumət qısamüddət ərzində külək enerjisinin inkişafı üçün şəraiti kəskin şəkildə pisləşdirib.
Nazir Ebba Buş dəstək sxeminin mürəkkəb olduğunu və bir çox amilləri nəzərə almalı olduğunu vurğulayıb, lakin əmin edib ki, bələdiyyələr kompensasiya alacaqlar.
Sənaye ekspertləri xəbərdarlıq edir ki, dəqiq qaydalar və vaxtında dəstək olmasa, İsveçdə külək enerjisi dayanmaq riski yaşayır, bu da, elektrik enerjisinin qiymətlərinin artmasınagətirib çıxara bilər.