azturkxeber.az
http://azturkxeber.az

“Azərbaycan musiqi çələngi” adlı konsert proqramı təqdim olunub

16-09-2025

Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə respublikamızda keçirilən “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi başa çatıb.

Müdafiə Nazirliyindən bildirilib ki, bu münasibətlə birgə təlimin iştirakçıları üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Azərbaycan musiqi çələngi” adlı konsert proqramı təqdim olunub.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani çıxış edərək qeyd edib ki, bu tədbir 18 Sentyabr - Milli Musiqi Günü ərəfəsinə təsadüf edir.

Vurğulanıb ki, Azərbaycan qədim, mübarizələrlə dolu tarixə, zəngin yeraltı və yerüstü sərvətlərə, füsunkar təbiətə malik bir ölkə olmaqla yanaşı, həm də dünya mədəniyyəti xəzinəsinə neçə-neçə görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri bəxş edib. Bu torpaq dünya mədəniyyəti xəzinəsinə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Maestro Niyazi, Fikrət Əmirov kimi dünyaşöhrətli bəstəkarlar bəxş edib. Neçə-neçə maddi və mədəni irs nümunələrimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Xalq qəhrəmanlarımız savaş günündə bir əlində qılınc, bir əlində sazla döyüş meydanlarına atılaraq düşmən üzərində qələbələr qazanıblar. Musiqi, vətənpərvərlik mahnıları, hərbi marşlar bu gün də kəsərli silah olmaqla şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində mühüm amillərdən biridir.

Məşhur “Cəngi”nin müşayiəti ilə başlanan “Sonsuz qardaşlıq” xoreoqrafik kompozisiyasından sonra Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ifasında xalq və bəstəkar mahnıları, qəhrəmanlıq nəğmələri və rəqslər təlim iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Konsert proqramı birlik, həmrəylik və qardaşlıq rəmzi olan “El yallısı” ilə başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930