Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatıb
Yaponiyada 65 yaşı ötmüş insanların sayı rekord həddə çataraq ölkə əhalisinin 29,4 faizini təşkil edib.
Bu barədə Yaponiyanın Daxili İşlər və Kommunikasiyalar Nazirliyi tərəfindən bazar günü yayımlanan rəsmi statistik məlumatlarda bildirilib.
“15 sentyabr – Yaşlılara hörmət günü” münasibətilə açıqlanan statistikaya əsasən, ölkədə yaşlı insanların ümumi sayı 36,19 milyon nəfərə çatıb. Bu, ötən illə müqayisədə 0,1 faiz çoxdur və müşahidələrin aparıldığı dövr ərzində ən yüksək göstəricidir.
Nazirliyin məlumatına görə, ötən il ölkədə 65 yaşdan yuxarı 9,3 milyon nəfər məşğulluqla təmin olunub ki, bu da əvvəlki illə müqayisədə 160 min nəfər çoxdur.
Bu artım ölkədə əmək qüvvəsinin çatışmazlığı və pensiya yaşının yüksəldilməsi ilə izah edilir. Həmçinin bildirilir ki, yaşlı vətəndaşların cəmiyyətdə aktivliyi genişlənir və yaxın illərdə çalışan yaşlıların sayının daha da artacağı gözlənilir.