Tərtərdə şəhid, qazi və aztəminatlı ailələrdən olan 200 şagirdə məktəb ləvazimatları hədiyyə edilib
Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki baş konsulluğu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə şəhid, qazi və aztəminatlı ailələrdən olan 200 nəfər ibtidai sinif şagirdinə məktəb ləvazimatları və çantalar hədiyyə edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəbliləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara gələcək təhsillərində uğurlar diləyib. O, Türkiyənin həmişə Azərbaycanla birlikdə olduğunu, iki dövlət arasında səmimi və qarşılıqlı dostluq münasibətləri yaşandığını bildirib. Həmçinin dövlətimizin bütün sahələrdə qardaş ölkənin daim yaxın dəstəyini hiss etdiyini vurğulayaraq, bu münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Türkiyənin Gəncə şəhərindəki baş konsulu Recep Öztop və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı proqram koordinatoru Hayrettin Özçelik məktəbliləri təbrik edib, onlara uğurlar arzulayıblar. Bildirilib ki, Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri hər ötən gün daha da güclənir. Hazırda ölkələrimizin qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir.
Şəhid atası Əhliman Hüseynov çıxış edərək şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə göstərilən yüksək qiqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığınl bildirib.
Sonda şagirdlərə məktəb ləvazimatları və çantalar hədiyyə olunub.