Düzgün seçilməyən məktəbli çantası skolioza səbəb ola bilərmi? - Səhiyyə Nazirliyinin mütəxəssisi valideynləri xəbərdarlıq edir
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Qədir Kərimovla müsahibə
- Yeni tədris ilin açılmasına az qalmış valideynləri maraqlandıran əsas məsələlərdən biri də çanta seçimidir. Qədir müəllim, uşaqlar üçün düzgün məktəb çantası necə olmalıdır?
- Bu, çox aktual və vacib bir mövzudur. Təəssüf ki, bu məsələyə bəzən yetərincə ciddi yanaşılmır.
Məktəbli çantası uşağın sağlam inkişafı üçün böyük əhəmiyyət daşıyır. Uşağın daşıdığı çanta dolu halda onun bədən çəkisinin 10-15%-dən artıq olmamalıdır. Yəni, 30 kiloqramlıq bir uşaq üçün maksimum 3-4 kq normaldır, lakin 5 kq yük təhlükəsiz sayılır. Çanta boş halda yüngül olmalıdır (mümkün qədər 1 kq-dan az).
Eyni zamanda, çantanın ölçüsü uşağın boyuna uyğun olmalıdır. Çanta kürəyin eni qədər və ya bir az dar olmalı, beldən aşağı sallanmamalıdır.
Çanta ağır olsa və tək tərəfli çiyin asqısı istifadə edilsə, əzələlər çətinlik çəkəcək, xüsusilə boyun bir tərəfə əyiləcək. Bir çiyində daşınan çantalar onurğada sağ və ya sola əyilmələr (skolioz) kimi onurğa problemlərinə səbəb olataq, boyun əzələlərində gərginlik, boyun arxasında ağrı və damar dartılmaları, baş ağrısı yaradacaq.
Ağır və qeyri-düzgün şəkildə kürək çantası daşıyan və pillələri qalxıb-enən uşaqlarda ayaq ağırıları daha çox olur.
Məktəbli çantasının asqı və ya qayışlarının uzun və ensiz olması bütün ağırlığın belə yönlənməsinə səbəb olur. Bədənin ağırlıq mərkəzinin arxaya sürüşməsi nəticəsində bel əzələlərində həddindən artıq yükə səbəb olur və ağrı meydana gəlir.
Çantadakı çiyin asqılarının geniş və yumşaq olması çiyində yükün bərabər paylanmasına kömək edir, dar və sərt çiyin asqıları əzələnin müəyyən nöqtələrinə ağırlığın yüklənməsinə səbəb olacaq. Çiyin qayışları ikitərəfli, enli (ən azı 4–5 sm) və yumşaq olmalıdır. Uzunluğu tənzimlənməli, hər iki çiyinə bərabər paylanaraq taxılmalıdır.Yalnız bir çiyində daşınan modellər uşaqlar üçün uyğun deyil.
Əgər çiyin asqıları incə, ensiz, uzun və çanta ağır olarsa, sinirlərə təzyiq edəcək. Nəticədə, əl və qola gedən sinirlər zədə alacaqlar.