Larisa Kislyakova: Logistika sahəsində yeni təşəbbüs həm Bakıya, həm də İrəvana maraqlı olacaq
Nəqliyyat və logistika sahəsində çalışan qadınlar birləşməli, təcrübə mübadiləsi aparmalı və birlikdə irəliləməlidirlər.
Bunu AZƏRTAC-a müsahibəsində Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığının sədri, iqtisadiyyat və nəqliyyat üzrə tacik ekspert Larisa Kislyakova söyləyib.
Onun sözlərinə görə, nəqliyyat və logistika sahəsində qadınları maraqlandırmaq ideyası təsadüfən yaranmayıb. Onlar dəstəyə, bilik mübadiləsinə və peşəkar inkişaf üçün yeni imkanlara ehtiyac duyurlar. Elə buna görə də Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığı qadınları ayrıca istiqamət kimi ayırılmaq qərarına gəlib ki, bu da fəal liderləri birləşdirə bilən və inkişaf üçün platforması ola biləcək bir icma olacaq.
O vurğulayıb ki, təşəbbüs artıq Qazaxıstan və Tacikistana yayılıb, bu səfər isə Azərbaycanda yeni istiqamətin açılmasına imkan verib. Yaxın gələcəkdə analoji şöbələr Tbilisi, Daşkənd və Bişkekdə açılacaq.
L. Kislyakova bildirib ki, qadınlar şöbəsi hələ ki, hüquqi şəxs statusuna malik deyil və açıq dialoq platforması kimi fəaliyyət göstərir. Bu sahədə özünü göstərmək istəyən hər bir qadın qoşula bilər.
Birgə tədbirlərin keçirilməsi, forumlarda iştirak və xüsusi qadın sessiyalarının təşkili planlaşdırılır. Bundan başqa, təşəbbüsə Nəqliyyat və Logistika üzrə Kral İnstitutu (CILT) qoşulub ki, burada da qadınlar, həmçinin gənclər üçün xüsusi proqramlar mövcuddur.
Ekspert təşəbbüsün coğrafiyasının genişlənməsinə ayrıca diqqət yetirib. Orta Dəhlizin inkişafı ilə tərəfdaşlıq Cənubi Qafqaza da çıxış əldə edir. L. Kislyakovanın fikrincə, Ermənistanla sülh sazişi imzalandıqdan sonra əməkdaşlıq üçün yeni imkanlar açılacaq və perspektivdə layihəyə yalnız Azərbaycan və Gürcüstan deyil, həm də artıq onlayn iştirak edərək bu layihəyə maraq göstərən erməni tərəfdaşlar da qoşulmalıdır.
Ekspert etiraf etdi ki, hazırda layihə təşkilati mərhələdədir. Hazırkı prioritet Mərkəzi Asiya və Cənubi Qafqazın bütün ölkələrində regional şöbələrin açılmasıdır. Bundan sonra tam iş planı hazırlanacaq, əsas istiqamətlər isə beynəlxalq forumlarda iştirak, məlumat mübadiləsi, tərəfdaşların axtarışı, nəqliyyat və logistika sahəsində qadınlar üçün yeni imkanların yaradılması olacaq.
Qeyd edək ki, sentyabrın 9-da Bakıda Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində ticarət və logistika sahəsində çalışan qadınları birləşdirən “Women in Trade and Transport” (Women in TLP – “Ticarət və Logistikada Qadınların Tərəfdaşlığı”) Assosiasiyasının regional strukturunun təqdimatı olub.