Stokholm mədəniyyət müəssisələri üçün “maya dəyərinə icarə” sistemindən imtina edir
İsveç hökuməti ölkənin aparıcı mədəniyyət ocaqları olan Kral Operası, Dram Teatrı, Milli Muzey, Təbiət Tarixi Muzeyi və Tarix Muzeyi tərəfindən onilliklərdir tənqid olunan “maya dəyərinə icarə” modelindən imtina etmək qərarına gəlib.
Həmin sistemə əsasən müəssisələr binaların saxlanılması üçün yalnız faktiki xərcləri ödəyirdilər. Lakin köhnə tikililərin artan təmir tələbatı səbəbindən ayrılan vəsait kifayət etmirdi və bu da əsas fəaliyyətin xroniki maliyyə çatışmazlığına gətirib çıxarırdı.
Dövlət Əmlak İdarəsinə müqavilələri yenidən nəzərdən keçirmək və yeni icarə modelinə keçid etmək tapşırılıb. Hazırda iki variant müzakirə olunur: bazar qiymətlərinə uyğun icarə və ya müəssisələrin gəlirlərinə əsasən tənzimlənmiş icarə.
Mədəniyyət naziri Parisa Lilyestrand bunu “daha səmərəli icarə mexanizmi modelinə doğru ilk addım” adlandırıb. Muzey və teatr rəhbərləri isə qərarı müsbət qarşılayaraq bildiriblər ki, yeni sistem onlara uzunmüddətli sabitlik verəcək və əsas fəaliyyətlərinə – kolleksiyalara, tədqiqatlara və ictimaiyyət üçün əlçatanlığa diqqət ayırmağa imkan yaradacaq.
“Ümid edirəm ki, məhz gəlirlərə əsaslanan icarə modeli seçiləcək. Bu, bizə uzunmüddətli şərait yaradaraq əsas missiyamıza diqqət yetirməyə imkan verərdi”, – deyə Təbiət Tarixi Muzeyinin baş direktoru Liza Monsson vurğulayıb.