Yüksək qan təzyiqinə qarşı yeni müalicə üsulu uğurlu nəticə verib
Alimlər yüksək qan təzyiqindən əziyyət çəkən və mövcud dərmanlarla nəticə əldə edə bilməyən xəstələr üçün effektiv yeni dərman vasitəsi aşkarlayıblar.
Araşdırmalar nəticəsində “baxdrostat” adlı yeni preparatın qan təzyiqini əhəmiyyətli dərəcədə aşağı sala bildiyi aşkarlanıb. Dünya üzrə 1,3 milyard yüksək qan təzyiqi xəstəsinin təxminən yarısının müalicəyə ehtiyacının olduğu bildirilir. Bu kateqoriyaya daxil olan pasiyentlər ürək tutması, insult, böyrək xəstəlikləri və erkən ölüm riskləri ilə daha çox üz-üzə qalırlar.
Alimlər tərəfindən aparılan və 214 klinikanı əhatə edən III fazalı klinik sınaqlarda təqribən 800 pasiyent iştirak edib. Nəticələrə əsasən, gündəlik 1-2 milliqram “baxdrostat” qəbul edən şəxslərin qan təzyiqi 12 həftə ərzində orta hesabla 9-10 millimetr civə sütunu azalıb. Bu göstərici plasebo qrupunda müşahidə olunmayıb.
Tədqiqatçılar bildiriblər ki, “baxdrostat” qəbul edən xəstələrin təqribən 40 faizi sağlam qan təzyiqi səviyyəsinə çatıb. Halbuki, plasebo qəbul edənlər arasında bu göstərici 20 faizdən də az olub. Mütəxəssislərin fikrincə, yeni dərman ürək-damar xəstəlikləri riskinin azalmasına mühüm töhfə verə bilər.