azturkxeber.az
http://azturkxeber.az

“Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda XII beynəlxalq elmi konfrans işə başlayıb

03-09-2025

Sentyabrın 3-də Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda XII beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Konfrans Riyaziyyat və Mexanika İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Özbəkistan Elmlər Akademiyasının V.İ. Romankovski adına Riyaziyyat İnstitutu və Türkiyənin Yıldız Texniki Universiteti ilə birgə təşkil olunub.

Bu barədə institutdan məlumat verilib.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru professor Misir Mərdanov riyaziyyat və mexanikanın müasir elm və texnologiyadakı rolu haqqında geniş məruzə ilə çıxış edib. O bildirib ki, bu kimi beynəlxalq tədbirlər elm adamları arasında əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə və ideya mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyətə malikdir.

“Fundamental və tətbiqi elmlərin kəsişməsində dayanan riyaziyyat və mexanika bu gün elmi tərəqqinin aparıcı istiqamətlərindəndir. Elm sərhəd tanımır və bu kimi beynəlxalq elmi platformalar elmi dialoqun və yeni yanaşmaların formalaşmasına imkan yaradır”, – deyə Misir Mərdanov qeyd edib. O, çıxışında Azərbaycanda riyaziyyat elminin tarixi və bu sahənin müasir mərhələlərini də ətraflı təhlil edib.

Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev riyaziyyat fənninin tədrisi və elmi tədqiqatlarda tətbiqi ilə bağlı bir sıra vacib məsələlərə toxunub. Alim qeyd edib ki, müasir dövrdə riyaziyyat yalnız fundamental elm sahəsi kimi deyil, həm də süni intellekt, informasiya texnologiyaları, iqtisadiyyat, mühəndislik və digər sahələrdə əsas metodoloji baza kimi çıxış edir. Bu baxımdan riyaziyyatın daha geniş auditoriyaya, xüsusilə də müxtəlif sahələr üzrə fəaliyyət göstərən mütəxəssislərə düzgün və sistemli şəkildə öyrədilməsi mühüm zərurətə çevrilib. Akademik Rasim Əliquliyev Azərbaycan elminin dünya elminə inteqrasiyasında riyazi bilik və təfəkkürün inkişafının vacibliyini vurğulayaraq elmi tədqiqatlarda riyazi modelləşdirmədən daha geniş istifadə edilməsinin zəruriliyini önə çəkib.

Konfrans çərçivəsində Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki Maksad Kalimoldayev riyaziyyat elminin müasir çağırışları və elmi innovasiyaların əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, həmçinin Qazaxıstan ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq münasibətlərinə toxunaraq, bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. Akademik qeyd edib ki, ortaq tarixi və mədəni köklərə əsaslanan bu münasibətlər iki ölkənin elmi institutları arasında birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. O, gənc alimlərin qarşılıqlı mübadiləsinin və beynəlxalq elmi forumlarda fəal iştirakının vacibliyini də vurğulayıb.

Daha sonra konfrans işini plenar sessiyalar və tematik seksiyalarla davam etdirib.

Üç gün davam edəcək konfransda 10-dan artıq ölkədən tanınmış alimlərin iştirakı ilə məruzələr təqdim olunacaq, gənc tədqiqatçılar üçün elmi seminarlar və panel müzakirələri keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930