Mingəçevir Dövlət Universitetində yeni tədris ili üçün 116 yeni müəllim işə qəbul edilib
Mingəçevir Dövlət Universiteti (MDU) sənayedə çalışan mütəxəssislər və professor-müəllim heyəti üçün 165 fənn üzrə müraciət imkanları elanı vermiş və bir ay müddətində namizədlərin müraciətlərini qəbul etmişdir. Elanlara uyğun olaraq ilkin mərhələdə müxtəlif ixtisas sahələri üzrə, ümumilikdə, 853 namizəd sənədlərini təqdim edib.
Universitetdən bildirilib ki, sənədlərin ilkin yoxlanışı və müəyyən edilmiş meyarlara uyğunluq əsasında aparılan təhlillər nəticəsində 267 namizəd növbəti mərhələyə keçməyə layiq görülüb. Yekun qiymətləndirmə mərhələsində komissiya üzvlərinin qərarı ilə tələblərə ən yüksək uyğunluq göstərən 116 namizəd seçilib.
Yaş bölgüsünə nəzər saldıqda, seçilmişlərin 49 faizi 20-29 yaş, 35 faizi 30-39 yaş, 12 faizi 40-49 yaş aralığında, 4 faizi isə 50 yaş və yuxarı yaş qrupunda təmsil olunub. Namizədlərin profillərinə nəzər saldıqda, işə götürülənlərin böyük hissəsini Mingəçevir Dövlət Universitetinin məzunları (43 faiz), digər əhəmiyyətli qismini isə sənaye nümayəndələri (25 faiz), 32 faizi isə müxtəlif yerli və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.
Yeni qəbul olunan əməkdaşlarla 1 illik sınaq müddətinə əmək müqaviləsi bağlanacaq. Bu müddət ərzində müəllimlərdən Scopus, Web of Science və digər nüfuzlu elmi bazalarda indekslənən jurnallarda məqalələr dərc etmək, təlim-tədris prosesini əmək bazarının tələblərinə uyğunlaşdırmaq və dərsləri praktikyönümlü metodlarla (case study, boom və digər müasir üsullar) aparmaq tələb olunacaq.
Eyni zamanda, müasir texnologiyalardan tədris prosesində fəal istifadə təşviq ediləcək. Müəllimlərin fəaliyyətinin davamlı qiymətləndirilməsi məqsədilə keyfiyyət şöbəsi tərəfindən mütəmadi monitorinqlər aparılacaq, tələbələr arasında isə anonim sorğular təşkil olunacaq. Bu yanaşma tədrisin keyfiyyətinin yüksəldilməsinə və əməkdaşların peşəkar inkişafına mühüm dəstək verəcək.
Hazırda elan olunmuş digər vakant yerlər üzrə də müsahibə prosesi davam edir.