azturkxeber.az
http://azturkxeber.az

Göygöldə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib

03-09-2025

Göygöl rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar İnnovasiya Mərkəzi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən müzakirələrdə Azərbaycan Biznesinin İnkişafı Fondunun, Dövlət Məşğulluq Agentliyinin rəsmiləri, bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri, yerli fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən ciddi dəstək verilir. Aqrar sahənin inkişafına müxtəlif istiqamətli subsidiyalar ayrıldığını deyən AİM rəhbəri bu dəstək mexanizmləri nəticəsində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracının son illər sürətlə artdığını deyib. O qeyd edib ki, konkret inkişaf hədəflərini stimullaşdırmağa yönəlmiş subsidiya siyasəti təkcə kənd təsərrüfatı məhsullarının istehsal xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanmasını deyil, həm də müasir suvarma sistemlərinin tətbiqi sayəsində su və torpaq resurslarında səmərəli istifadənin genişlənməsini, xarici bazarlarda rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsalının artmasını təmin edir. Anar Cəfərov subsidiyalaşma siyasətinin yekunda aqrar sahədə çalışan insanların gəlirlərinin artmasına və maddi rifah halının yüksəlməsinə müsbət təsir göstərdiyini deyərək fermeləri dövlətin bu sahəyə dəstək mexanizmlərindən faydalanmağa çağırıb.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində aqrar sahənin davamlı və dayanıqlı inkişafı təmin edilib. Dövlətin aqrar siyasətinin əsas istiqamətlərindən birinin bölgələrdə məşğulluq səviyyəsinin, aqrar sahədə məhsul istehsalının artırılması olduğunu xatırladan Elvin Paşayev əlavə edib ki, aqrar sahəyə dövlət tərəfindən subsidiyalar şəklində dəstək verilməsi bölgələrin inkişafını sürətləndirir. Göygöl rayonunun aqroiqlim şəraitinin kənd təsərrüfatının müxtəlif istiqamətlərinin, o cümlədən giləmeyvəçiliyin inkişafına imkan verdiyini deyən icra hakimiyyətinin başçısı bu sahəyə subsidiyaların artırılmasının rayonda moruq, böyürtgən və digər giləmeyvələrin becərilməsinə ciddi maraq yaratdığını vurğulayıb. Elvin Paşayev bölgələrdə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda keçirilən panel müzakirələrin dövlətin aqrar siyasəti ilə bağlı maarifləndirmə prosesi üçün mühüm platformaya çevrildiyini bildirib, fermerləri panel müzakirələrdə aktiv iştirak etməyə çağırıb.

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev aqrar sahəyə dövlət dəstəyi prosesinin tam elektronlaşdırıldığını, fermerlərə subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verildiyini deyib. Payızlıq və yazlıq əkinlərin, çoxillik əkmələrin EKTİS-də vaxtında bəyan edilməsinin vacibliyini vurğulayan DAİM direktoru bu prosesdə fermerlərə hər cür texniki dəstək göstərildiyini qeyd edib. Azər Hacıyev Göygöl rayonu üzrə 4 min nəfərdən artıq fermerin kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalardan yararlandığını bildirib.

Panel müzakirələrdə çıxış edən digər dövlət qurumlarının, bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri aqrar sahədə dövlətin dəstək mexanizmləri, kənd təsərrüfatı fəaliyyəti üçün ayrılan güzəştli kreditlər, texnika və damazlıq heyvanların alınması zamanı 40-60% aralığında dövlət dəstəyi, kreditləşmə mexanizmləri, fermerlərə təklif olunan bank məhsulları barədə geniş məlumat veriblər. Qeyd olunub ki, maliyyə təşkilatları Aqrar İnnovasiya Mərkəzi tərəfindən bölgələrdə təşkil olunan Aqrar Biznes Festivalları və məhsul festivallarında aktiv iştirak edir və fermerlərə öz məhsullarını təklif edirlər.

Debat formatında davam edən müzakirələrdə fermerlərin texnika, damazlıq heyvan, müasir suvarma sistemləri alınması zamanı tətbiq olunan dövlət dəstəyi mexanizmləri barədə sulları geniş cavablandırılıb. Bildirilib ki, fermerlər kənd təsərrüfatı texnikası və müasir suvarma sistemləri alan zaman bu məhsulların gömrük dəyərinin 20 faizi həcmində ilkin ödəniş edir, məbləğin 40 faizi dövlət tərəfindən subsidiyalaşdırılır, qalan 40 faiz isə Aqrar kredit və İnkişaf Agentliyi ilə tərəfdaşlıq edən bank və bank olmayan kredit təşkilatları tərəfindən kreditləşdirilir. Kreditin əsas hissəsini 60 ay ərzində fermerlər, faizlərini isə dövlət ödəyir. Analoji mexanizm müasir suvarma sistemlərinin alınması zamanı da tətbiq olunur. Damazlıq heyvan alışı zamanı isə dövlətin fermerlərə dəstəyi 60 faiz təşkil edir. Göygöl rayonunda dövlətin bu cür dəstək mexanizmlərindən yararlanaraq texnika və müasir suvarma sistemləri alan böyük heyvandarlıq təsərrüfatları yaradan fermerlər çıxış edərək subsidiyalaşma siyasətinin müsbət təcrübələri barədə fikirlərini bölüşüblər.

Panel müzakirələr Real TV tərəfindən lentə alınıb və yaxın günlərdə “Fermerin Real Dostu” layihəsi çərçivəsində yayımlanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930