azturkxeber.az
http://azturkxeber.az

Bu dünyadan bir Vəli Təhməzov da keçdi -SADIQ QARAYEV

03-09-2025

O mənim yaxın dostum idi. Baxmayaraq ki, aramızda 25 yaş fərq var idi, qohumuydu, ancaq mən onu dost, ruhuma yaxın doğma bilirdim.

Və düşünürəm ki, insanın şəxsiyyətinin, dünya görüşünün formalaşmasında təkcə ailə, məktəb deyil, uşaqlığından gördüyü, ünsiyyətdə olduğu, evlərinə gedib çörəyini yediyi qohum- əqrabanın da böyük rolu vardır.

Gülzar xalamla Vəlinin evi bu mənada ziyalı ocağı idi və mənim uşaqlıq xatirələrimin nurlu aləmlərindədir.

Onların bir- birlərinə münasibətləri də qəribə idi.

Azərbaycanlı ailəsinə məxsus əsl bəy və əsl xanım olmaqla yanaşı, müasirlik, xüsusi ziyalılıq çalarları var idi.

Başlıcası isə Gülzar və Vəli bir sevgi dastanıydı.

Əslində Gülzar müəllimə dünyasını dəyişəndən Vəli də iki dünya arasında gəzirdi, müəlliməni görməsə yaşaya bilməzdi ki...

Amma bunu övladlarına, heç kimə bildirmirdi.

O həmişəki kimi möhkəm idi...

Vəlinin mənim yadımda qalan qəribə, fərqli cəhətləri vardı.

O hövsələsiz, cəsur, qorxmaz və mərd adam idi.

60- 70 ci illər rayondan gəlib Bakıda oxuyan, saflıq, cəsarət və dəli- dolu, öz liderlik xarekterləri olan cavanların bir nümunəsi idi.

Çox güclü idi, idmanla məşğul olurdu.

Hövsələsizliyi də üstünə gələndə, mübahisəni uzatmazdı, qabağındakını çırpardı.

Ömrü boyu da belə qaldı.

Maşın təmiri yamasının yanındaydıq. Vəlidən yaşca cavan, nataraz biri onunla zarafat etdi, nəsə bundan xoşu gəlmədi.

Həmən şəxsi güləş fəndi ilə necə başının üstündən fırladıb, yamanın içinə çırpdısa hamı mətəəl qaldı.

Vəli papaq altda yatan kişilərdəndi. Zəhmətkeş, son tikəsini bölən, çörək verən kişi.

O adamlara etdiyi yaxşlığı özü bilməzdi ki, elə bilərdi ki, bu elə belə də olmalıdır.

Vəli həm də çox dürüst adam idi. Nahaq sözü, cığal işi, yalanı bağışlamazdı.

Tətillərdə kəndə gedəndə mütləq yığışıb Vəli gilə gedərdik. Gülzar xalamın yeməklərinin dadına, qoxsuna ikinci heç yerdə rast gəlmədim. Elə bil riyaziyyat müəllimi deyil, yeməklərin düsturlarını bilirdi, nəticələr xətasız və dəqiq.

Yenə getmişdik. May ayı idi, həyətdəki əkindən, biçilmiş otdan xüsusi qoxu gəlirdi.Müəllimənin dadlı yeməklərindən alça ağacının altında yedik, içdik. Sonra domino oynamağa başladıq.

Qohumlardan biri, keçəl çoxbilmişi cığallıq edirdi.

Vəli gördü. Birinci dəfə dinmədi, ikinci də xəbərdarlıq etdi.

Üçüncü də neylədi?

Heç kimin ağlına gəlməz.

Daşları masaya çırpıb, getdi kətməni götürdü.

Keçəlin rəngi qaçdı.

Biz də donub qaldıq.

Amma xalam qıraqdan gözlərini qıyıb, sakit baxırdı.

Vəli ketməni götürüb əkinə tərəf getdi, başladı yenicə çıxmış kartof kollarının dibini kağlamağa.

Nə qədər güldük, keçəl bu dəfə də qızardı.

Sonralar həmişə bunu Vəliynən deyib- gülərdik.

Mən inanıram ki, Vəli əzrayılın qabağından da qaçmadı, hövsələsiz, ancaq mərdanə halda "gedək" dedi.

Amma bu dəfə qalib gələ bilmədi.

Bəlkə də özü qəsdən "yıxıldı" əzrayıla.

Gülzar müəlliməni görmək, bir daha ayrılmamaq üçün...

ALLAH sənə də, xalama da rəhmət eləsin Vəli.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930