Britaniyada Altsheymer xəstəliyini üç dəqiqəyə aşkar edən üsul tapılıb
Bat Universitetinin alimləri Altsheymer xəstəliyi ilə bağlı yaddaş pozuntularını ilkin mərhələdə müəyyən etməyə imkan verən sürətli EEQ (Elektroensefaloqramma) testi hazırlayıblar.
Bu yenilik “Brain Communications” (BC) jurnalında təsvir olunub.
“Fastball” adlanan metod xüsusi növ elektroensefaloqramma texnologiyasına əsaslanır. Sınaqlarda iştirak edən şəxslərin baş dərisinə beynin elektrik aktivliyini qeyd edən sensorlar bərkidilir. Onlara ardıcıl şəkillər, o cümlədən təkrarlanan təsvirlər göstərilir. Sistem beynin tanış şəkillərə reaksiyasını izləyir.
Bristol Universiteti ilə birgə keçirilən ilkin tədqiqatda 54 sağlam könüllü və yüngül koqnitiv pozuntuları olan 52 nəfər iştirak edib. Əşyaları yadda saxlama qabiliyyətinin zəifləməsi ilə xarakterizə olunan amnestik pozuntusu olan pasiyentlərin reaksiyası xeyli zəif olub. Məhz bu kateqoriyadan olan insanlarda Altsheymer xəstəliyinin inkişaf riski daha yüksəkdir.
Müəlliflərin qeyd etdiyinə görə, test cəmi üç dəqiqə vaxt aparır və ev şəraitində tətbiq oluna bilər ki, bu da iştirakçılar üçün stresi azaldır. Hazırda genişmiqyaslı klinik sınaqlar davam edir. Əgər əlavə araşdırmalar zamanı metodun effektivliyi təsdiqlənərsə, yeni test klinik təcrübədə istifadə edilə bilər. Alimlərin sözlərinə görə, bu üsul sayəsində həkimlər xəstəliyi erkən mərhələdə aşkarlaya və ən əlverişli dövrdə müalicəyə başlaya biləcəklər.