Britaniya Baş nazirinin müavini daşınmaz əmlak alışı zamanı vergini az ödədiyini etiraf edib
Böyük Britaniyanın Baş naziri Kir Starmerin müavini Ancela Reyner 800 min funt sterlinq dəyərində sahil mənzili alarkən qanun üzrə tələb olunan miqdarda daşınmaz əmlak vergisi (stamp duty) ödəmədiyini etiraf edib.
Ancela Reyner məsələ ilə bağlı özünü Baş nazir Kir Starmerin etika müşavirinə təqdim edib və əlavə vergi ödəyəcəyini bildirib. Ekspertlərin hesablamalarına görə, bu məbləğ 40 min funt sterlinqə qədər ola bilər.
O açıqlamasında bildirib ki, ev alışı zamanı hüquqi məsləhətə güvənib, lakin bu, yanlış çıxıb.
“Məsələni öyrənən kimi müstəqil müşaviri məlumatlandırdım ki, proses tam şəffaf araşdırılsın. Eyni zamanda, HMRC-yə (vergi xidməti) müraciət etdim və əlavə vergi ödəməli olduğumu bildirdim. Mən bu ödənişi etməyə və tam şəkildə əməkdaşlığa hazıram”, - deyə o qeyd edib.