Braziliya Beynəlxalq Enerji Agentliyinə tam üzv olmaq üçün rəsmi müraciət edib
Braziliya hökuməti Beynəlxalq Enerji Agentliyinə (IEA) tamhüquqlu üzv olmaq üçün rəsmi müraciət edib. Bu müraciət, Braziliya ilə IEA arasında illərdir davam edən sıx tərəfdaşlıq və agentliyin üzv ölkələrə mürəkkəb qlobal enerji mənzərəsində göstərdiyi strateji dəstəyin tanınmasının nəticəsidir.
Bu haqda Beynəlxalq Enerji Agentliyinin AZƏRTAC-a açıqlaması zamanı qeyd olunub.
Parisdə, IEA-nın qərargahında Braziliyanın səfiri Sarkis J.B. Sarkis, agentliyin icraçı direktoru Fatih Birola Braziliya xarici işlər naziri Mauro Viera və mədən və energetika naziri Aleksandr Silvera tərəfindən imzalanmış rəsmi məktubu təqdim edib. Məktubda Braziliyanın IEA-ya tam üzv olmaq üçün rəsmi olaraq üzvlük prosesinə başlamaq istədiyi bildirilib.
“Braziliya hökuməti adından Beynəlxalq Enerji Agentliyi ilə olan tərəfdaşlığa görə təşəkkürümüzü bildiririk. Bu əməkdaşlıq illər ərzində Braziliyada enerji siyasətinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verib. Qlobal enerji mənzərəsindəki çağırışları və agentliyin üzv ölkələrə verdiyi strateji dəstəyi nəzərə alaraq, hökumətimiz Agentliyə tam üzv olmaq üçün üzvlük prosedurlarının başlanmasını istəyir”, - deyə məktubda bildirilir.
Məktubda qeyd olunur ki, Braziliyanın bu günə qədər IEA ilə əməkdaşlığı enerji təhlükəsizliyi, enerji məlumatları və statistika, eləcə də enerji siyasətinin təhlili sahələrində yaxın işbirliyi ilə müşayiət olunub. Bu il IEA Braziliyanın enerji siyasətinə dair dərin təhlil aparıb və bu, tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir.
Nazirlər, həmçinin vurğulayıblar ki, Braziliyanın xalis neft ixracatçısı kimi mövqeyi, şaxələndirilmiş enerji, təmiz, bərpaolunan enerji mənbələrindən istifadədə artan liderliyinə görə, agentliyin beynəlxalq əməkdaşlığına və fəaliyyətinə əlavə dəyər qatacaq.
IEA-nın icraçı direktoru Fatih Birol bildirib ki, bu, beynəlxalq enerji idarəçiliyi üçün mühüm mərhələdir.
“Nazirlər Viera və Silvera tərəfindən göndərilən bu rəsmi müraciəti almaqdan məmnunam. Bu, illərdir davam edən dərin əməkdaşlığın üzərində qurulan və beynəlxalq enerji idarəçiliyi üçün əhəmiyyətli bir inkişafdır. Braziliya bu gün qlobal enerji sisteminin əsas sütunlarından biridir və onun əhəmiyyəti qarşıdakı illərdə daha da artacaq. İndi Braziliya və digər üzv ölkələrlə növbəti addımları müzakirə etməyi səbirsizliklə gözləyirik”, - deyə IEA-nın icraçı direktoru Fatih Birol Braziliyanın rəsmi müraciətini şərh edib.
210 milyondan çox əhalisi və böyük iqtisadiyyatı ilə Braziliya Latın Amerikasının ən böyük ölkəsidir. O, həm də böyük neft istehsalçısı və ixracatçısı olaraq beynəlxalq enerji təhlükəsizliyinə mühüm dəstək verir. Eyni zamanda, aşağı emissiyalı enerji sistemi, bol bərpaolunan enerji resursları və güclü bioyanacaq sektoru sayəsində enerji keçidində lider mövqedədir.
Braziliya 2025-ci ildə keçiriləcək COP30 beynəlxalq iqlim konfransına sədrlik edir və 2024-cü ildə G20-yə rəhbərlik etmişdi.
Qeyd edək ki, Braziliya 2017-ci ildən bəri IEA ilə assosiasiya ölkəsi statusunda əməkdaşlıq edir. Hazırda IEA-nın 32 üzv dövləti var.
Bundan əlavə, 4 ölkə üzvlük prosesindədir və 13 ölkə assosiasiya statusuna malikdir.