azturkxeber.az
http://azturkxeber.az

Avropa Komissiyası MERCOSUR ilə sərbəst ticarət sazişini təsdiq üçün Aİ Şurasına təqdim edib

03-09-2025

Avropa Komissiyası MERCOSUR ilə sərbəst ticarət sazişini təsdiq üçün Aİ Şurasına təqdim edib

Avropa Komissiyası Cənubi Amerika ölkələrini birləşdirən MERCOSUR bloku ilə sərbəst ticarət sazişinə yaşıl işıq yandırıb.

Komissiya Avropa AI-MERCOSUR Tərəfdaşlıq Sazişi (EMPA) və Aİ-Meksika Modernləşdirilmiş Qlobal Saziş (MGA) üzrə imza və yekunlaşdırma təkliflərini Aİ Şurasına təqdim edib. Bu tarixi sazişlər Aİ-nin ticarət əlaqələrini şaxələndirmək strategiyasının mühüm tərkib hissəsidir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bununla bağlı “X” sosial şəbəkəsindəki paylaşımında MERCOSUR və Meksika ilə əldə olunan sazişlərin əhəmiyyətini qeyd edərək Avropanın şaxələndirməni ikiqat artırdığını və bunun yeni imkanlar açan tərəfdaşlıq olduğunu vurğulayıb: “Aİ biznesi və aqrar-ərzaq sektoru aşağı tariflərdən, azaldılmış xərclərdən faydalanacaq. Onlar qlobal miqyasda daha rəqabətədavamlı olacaqlar”.

Yeni azad ticarət zonası 700 milyondan çox əhalini əhatə etməklə dünyada ən böyük zona olacaq. Bununla da Aİ ilə MERCOSUR ölkələri arasında tariflər və digər maneələr böyük ölçüdə aradan qaldırılacaq. 2024-cü ildə iki tərəf arasında ticarət dövriyyəsi 112,3 milyard avro təşkil edib. Komissiya hesab edir ki, saziş Avropanın Cənubi Amerikaya illik ixracını 39 faiz – 49 milyard avro artıraraq, qitə üzrə 440 mindən çox iş yerini dəstəkləyə bilər. Xüsusilə avtomobil, maşınqayırma və əczaçılıq sənayesi üçün böyük imkanlar gözlənilir.

Fransa, Polşa və İtaliyanın kənd təsərrüfatı sahəsində narahatlıqları sazişin təsdiqini əvvəlcə çətinləşdirsə də, indi Paris və Varşavadan müsbət siqnallar verilir. Tərəflər Aİ-yə 99 min ton əlavə dana əti, 30 min ton isə pendir üçün kvota tanıyır. Almaniya və İspaniya sazişi Çindən asılılığın azaldılması baxımından strateji addım hesab edir. Bununla yanaşı, kənd təsərrüfatı lobbiləri və ekoloji təşkilatlar razılaşmanın Amazon kimi meşələrin qırılmasını sürətləndirə biləcəyindən ehtiyatlanırlar.

MERCOSUR Argentina, Braziliya, Paraqvay və Uruqvaydan ibarət Cənubi Amerika ticarət blokudur və regionun ən iri iqtisadi birliklərindən biridir. Aİ ilə imzalanan yeni tərəfdaşlıq sazişi ikitərəfli ticarəti gücləndirməklə yanaşı, davamlı inkişaf, investisiya və iş yerlərinin artırılmasına töhfə verməyi hədəfləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930