Alimlər beyinin qocalmasını dayandıracaq protein aşkarlayıblar
Yeni elmi araşdırma göstərib ki, beyində müəyyən bir proteini deaktiv etmək yaddaş itkisini geri qaytara və Altsheymer kimi xəstəliklərin qarşısını ala bilər.
Mütəxəssislər yaşlanmanın xüsusilə öyrənmə və yaddaşa cavabdeh olan hipokampusa mənfi təsir göstərdiyini bildirirlər. Qeyd edirlər ki, bu səbəbdən Parkinson və Altsheymer kimi neyrodegenerativ xəstəliklərin əsas risk faktoru məhz yaşdır.
“Nature Aging” jurnalında dərc olunan tədqiqatda FTL1 adlı zülalın beyindəki bu geriləmədə mühüm rol oynadığı təsbit edilib. Təcrübələr zamanı yaşlı siçanlarda FTL1 səviyyəsinin yüksək, sinir hüceyrələri arasında əlaqələrin isə zəif olduğu, bunun da onların idrak qabiliyyətlərini azaltdığı müşahidə olunub. Gənc siçanlarda FTL1 süni şəkildə artırıldıqda, onların beyin fəaliyyəti və davranışları qocalmış siçanlara bənzəməyə başlayıb. Əksinə, yaşlı siçanların hipokampusunda FTL1 azaldıldıqda, onların yaddaşı və idrak qabiliyyəti bərpa olunub.
Tədqiqatçılar qeyd ediblər ki, bu protein beynin yaşlanma faktorlarından biridir və onun azaldılması sinir hüceyrələri arasında daha çox əlaqə yaratmaqla yaddaşın yaxşılaşmasına səbəb ola bilər. Alimlər əlavə ediblər ki, FTL1 hipokampus hüceyrələrində maddələr mübadiləsini də ləngidir. Lakin bu hüceyrələr Nikotinamid Adenin Dinukleotid (NADH) adlı fermentlə müalicə olunduqda, metabolizmin zəifləməsinin qarşısı alınıb.