azturkxeber.az
http://azturkxeber.az

Bakıda Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin dünya finalının açılış mərasimi keçirilib

01-09-2025

Bakıda Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin dünya finalının açılış mərasimi keçirilib

Mərkəzi Bankın tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı və “PAŞA Holding”in dəstəyi ilə Bakıda ilk dəfə keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalının açılış mərasimi olub.

Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə ICPC Fondunun prezidenti Vilyam B.Pouçer və ICPC 49-cu dünya finalının direktoru Fuad Hacıyev qonaqları salamlayaraq, müsabiqə iştirakçılarına uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ICPC 49-cu dünya finalının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən və yaradacağı imkanlardan danışıblar.

Mərkəzi Bankın sədri Taleh Kazımov dünya finalının Bakıda keçirilməsinin ölkəmizin texnoloji tərəqqisinin bariz göstəricisi və beynəlxalq əməkdaşlığa açıqlığının təzahürü olduğunu vurğulayıb. O, bu mühüm tədbirin ölkəmizi regionun texnologiya mərkəzi kimi tanıdacağına əminliyini ifadə edib. Taleh Kazımov bildirib ki, gənclər ICPC kimi qlobal əhəmiyyətli tədbirdə qazandıqları bilik və təcrübələri ölkənin texnoloji gələcəyinin formalaşdırılmasına yönəldəcək, maliyyə sektorunun mürəkkəb çağırışlarının həllinə töhfə verəcəklər.

Daha sonra tədbirdə ICPC tərəfindən tərəfdaşlara və ICPC icmasının üzvlərinə mükafatlar təqdim olunub. Tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Mərkəzi Bank və sədri Taleh Kazımov “Beynəlxalq töhfə” mükafatı ilə təltif edilib. Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilova ICPC ilə sıx əməkdaşlığa görə mükafat təqdim olunub.

Qeyd edək ki, Azərbaycan 2004-cü ildən ICPC-nin regional turlarında iştirak edir. Bu günə qədər ölkəmiz finalda iştirak hüququ qazanmış yalnız bir komanda ilə təmsil olunurdu. Bu il isə ilk dəfə olaraq Azərbaycanı dünya finalında ADA Universiteti və Bakı Ali Neft Məktəbinin iki komandası təmsil edir.

Müsabiqəyə dünyanın müxtəlif ölkələrindən aparıcı universitetlərin ən güclü komandaları qatılıb. Ümumilikdə ICPC-nin rəsmi mərhələlərində hər il 110-dan çox ölkədən 3 min 500-ə yaxın universiteti təmsil edən 50 mindən çox tələbə-proqramçı mübarizə aparır. 49-cu dünya finalında isə 70 ölkədən 140 ali təhsil müəssisəsini təmsil edən komandalar (hər komandada 3 tələbə olmaqla) iştirak edir.

Bildirək ki, “OpenAI”, “Google”, “Huawei” kimi aparıcı texnoloji şirkətlərin də nümayəndələri dünya finalında iştirakla əlaqədar Bakıda bir araya toplaşıblar.

ICPC proqramlaşdırma sahəsinin inkişafı, gənclərin bu sahəyə marağının artırılması və qlobal miqyasda tanınması istiqamətində mühüm əhəmiyyət daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930