Qazaxıstan və Özbəkistanın turizm şirkətləri üçün Azərbaycana tanışlıq turu təşkil edilib
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Qazaxıstan və Özbəkistanın aparıcı turizm şirkətlərinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, səfər çərçivəsində yerli turizm şirkətləri və hotellərdən 60-dan çox nümayəndənin iştirak etdiyi B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.
Həmçinin səfər müddətində Qazaxıstan və Özbəkistandan olan turizm şirkətlərinin nümayəndələri Bakının turistik məkanları ilə yanaşı, Şamaxı və Basqala səfər edərək turizm məhsulları, hotellər, mövcud turizm infrastrukturu və təqdim olunan xidmətlərlə, o cümlədən Xəzər sahilində çimərlik turizmi ilə tanış olublar.
2025-ci ilin I yarımilliyində qeyd olunan 2 ölkədən Azərbaycana 68 mindən çox xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artım deməkdir. Hazırda Qazaxıstanın 4, Özbəkistanın isə 2 şəhərindən olmaqla birbaşa uçuşlar həyata keçirilir.