Zəfər seçkisi.
Bu gün regionda reallaşdırılan bütün beynəlxalq irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Bu baxımdan qürurla qeyd etməliyik ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində son 21 illik zaman kəsiyi Azərbaycan tarixinin iqtisadi yüksəlişlə başlayıb tarixi Zəfərlə davam edən ən qüdrətli mərhələsidir.Prezident seçildiyi illər ərzində cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib, xalqın ən böyük arzusunu reallaşdırdı. 30 il düşmən tapdağında olan Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etməklə xalqımızın qürurunu, mənliyini özünə qaytardı. Torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın dünyada nüfuzunun artması gələcəkdə yeni uğurlara, hədəflərə çatmaq üçün böyük imkanlar yaratmış, qazanılan bu nailiyyətlər qısa zamanda yeni hədəflərə çatmaq üçün növbədənkənar prezident seçkilərinin keçirilməsini labüd etmişdir. Bu proseslərin uğurla həyata keçirilməsi üçün və yeni əsrdə ölkəmizin yeni inkişaf məqsədlərinin yüksək səviyyədə, uğurla reallaşdırılmasının zəruriliyi fonunda Prezident cənab İlham Əliyevin 2023-cü il dekabrın 7-də imzaladığı sərəncamla Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi təsdiq edilmişdir. Deyə bilərik ki, bu seçki ölkəmizin ərazi bütövlüyünün, eləcə də bütün torpaqlarımız üzərində suverenliyimizin tam bərpasından sonra işğaldan azad edilmiş Qarabağ ərazisi də daxil olmaqla, bütün şəhər və qəsəbələrimizi əhatə etməklə, müstəqil Azərbaycan Respubilkasının ərazisində ilk vahid seçki oldu. Qeyd edək ki, qürurverici məqamlardan biri də odur ki, siyasi müstəqilliyimizin bərpasından keçən 33 il müddətində ilk dəfə olaraq, işğaldan azad olunmuş tarixi Xankəndi şəhərimizdə də bu seçkilər keçirildi. Ona görə bu seçki haqlı olaraq “Zəfər seçkisi” adlandırıldı. Azərbaycan Respublikasının P rezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişlər. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Amalı qurub-yaratmaq olan, öz xalqını firavan günlərə qovuşdurmaq, hər bir azərbaycanlının prezidenti olmağı həyat fəlsəfəsinə çevirən cənab İlham Əliyev cənablarının modern Azərbaycanın quruculuğu və tərəqqisi naminə keçirilən və əvvəlkilərdən tamamilə fərqli ruhu, mahiyyəti ilə seçilən möhtəşəm Zəfər seçkisində qalibiyyəti şəksiz idi. Sözsüz ki, 2024-cü il fevralın 7-də Azərbaycan xalqı öz konstitusiya hüququndan istifadə etdi, səs verərək güclü Azərbaycan üçün cənab İlham Əliyevi seçdi. Qürurverici haldır ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik, qətiyyətli siyasəti sayəsində ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən, müstəqillik qazandıqdan sonra Azərbaycanda ilk dəfə prezident seçkiləri coğrafi cəhətdən ölkəmizin hər yerində keçirildi.
Qeyd edək ki, davamlı inkişafı təmin edən Prezident cənab İlham Əliyev müstəqilliyimizin, ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinə və iqtidar-xalq vəhdətinin daha da güclənməsinə nail olub. Dövlət başçısının müdrik rəhbərliyinin nəticəsi olaraq Azərbaycan beynəlxalq miqyasda sürətli inkişaf yolunda olan, dünyadakı aktual problemlərin həllinə töhfələr verən dövlətlərdən biri kimi tanınır. Dünya Azərbaycanı həm də torpaqlarını döyüş yolu ilə işğaldan azad edən dövlət kimi tanıyır. Ona görə Prezident cənab İlham Əliyev Azərbaycanın şərəf tarixini yazan və yaradan Müzəffər Liderdir. Beləliklə, növbəti dəfə xalqının etimad mandatını qazanan cənab İlham Əliyev daha möhtəşəm tarixi işlərin təməlini qoyacaq, bölgədə əbədi sülh, əməkdaşlıq, tərəqqi bərqərar olacaq, Azərbaycan daha da güclənəcək, böyüyəcək, ən xoşbəxt insanların yaşadığı bir ölkəyə çevriləcək!
Gülşən Piriyeva,
Salyan şəhəri, Əməkdar müəllim.