Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə birgə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda tələbələr arasında bilik yarışı keçirilib.
azturkxeber.az xəbər verir ki, yarışda əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən fakültə dekanı Asəf Qasımov bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyəti boyu inkişaf edən, milli dəyərləri ilə tanınan, xarici dövlətlər arasında özünə layiqli yer tutan güclü Azərbaycan naminə böyük əzmlə çalışıb və dönməz prinsipləri, misilsiz tarixi xidmətləri ilə adını dünyada ən nüfuzlu liderlər cərgəsinə yazdırıb.
İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxış edərək, Heydər Əliyevin unikal şəxsiyyət, güclü iradə sahibi və siyasət ustası kimi böyük heyranlıq yaratdığını, mükəmməl xarici, həmçinin daxili siyasətin Azərbaycana qazandırdığı uğurların qürurverici olduğunu diqqətə çatdırıb.
Daha sonra bilik yarışına start verilib. Altı komandanın iştirak etdiyi bilik yarışında tələbələrə Ulu Öndərin həyat və fəaliyyətini əhatə edən, həmçinin 44 günlük Zəfər tariximizə həsr olunmuş suallar təqdim edilib. “Xarıbülbül” komandası I yerə, “Elm ulduzları” komandası II yerə, “Məğlubedilməzlər” komandası III yerə layiq görülüb.
İlk üç yeri tutan komandalara sertifikat və pul mükafatı təqdim olunub.