"Ermənistan rəhbərliyi yenə dünya ictimaiyyətinə özlərini "sülhsevər" kimi qələmə vermək istəyir"-KAMİLƏ ƏLİYEVA
Ermənistan rəhbərliyi yenə dünya ictimaiyyətinə özlərini "sülhsevər" kimi qələmə vermək istəyir və Azərbaycanla sülh sazişi bağlamağa hazır olduğunu bəyan edir. Əslində isə ermənilər sözdə sülhə hazır olduqlarını bəyan etsələr də, Azərbaycana qarşı qeyri-konstruktiv mövqe nümayiş etdirirlər. Ermənistanın bu riyakar siyasətinin arxasında Avropa Parlamenti, AŞPA kimi beynəlxalq təşkilatlar və Fransanın dayandığı şübhəsizdir. Bu təşkilatların və ölkələrin niyyəti Cənubi Qafqaz regionunda sülhün, əmin-amanlığın pozulmasına xidmət edir. Onların məqsədi Cənubi Qafqaz ölkələrində qarşıdurma yaratmaq, dövlətləri bir birinə qarşı qoymaq, daxildə parçalanmaq, vətəndaş müharibəsi yaratmaqdır. Bugünkü Ermənistan tamamilə Qərbin nəzarətində olan, onların əmrlərinə tabe olan bir ölkəyə çevrilmişdir. Kollektiv Qərb Gürcüstanda da xalqın milli maraqlarını qoruyan gürcü xalqını tərəqqi və inkişafa aparmaq istəyən hazırki höküməti devirməyə, onlara qulluq edən birini hakimiyyətə gətirməyə çalışır. Əminəm ki, gürcü xalqı Qərbin bu fitnəkarlığına uymayacaq və müstəqil, demokratik siyasətə sadiq olacaqlar. Fransa və onun tərəfində olan bəzi Qərb dövlətləri Azərbaycanda da öz çirkin siyasətlərini həyata keçirməyə çalışırdılar. Onlar Azərbaycanda radikal müxalifət və pulla ələ alınmış bəzi QHT-lər vasitəsilə bu niyyətlərini reallaşdırmağa çalışırdılar.
Azərbaycan xalqı müdrik xalqdır və daxildəki bu cür vətən xainlərini çox yaxşı tanıyır. Xalqımız öz lideri Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşib və heç bir qüvvə bu birliyi sarsıda bilməz.
Ermənistan və Avropa İttifaqı Azərbaycana qarşı Ermənistan vasitəsilə təxribatlar törətməyə çalışır. İki gün bundan əvvəl Fransa Azərbaycana qarşı daha bir təxribatçı hərəkətə əl atdı. Fransanın Ermənistandaki səfiri Olivye Dekotinye növbəti dəfə Ermənistan-Azərbaycan sərhədinə gəldi. Avropa İttifaqının mülki missiyası da Fransanın Ermənistandaki səfiri qərargahlarında qəbul etməkdən şərəf duyduqlarını bildirmişdir. Bu Fransanın Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik siyasətinin növbəti sübutudur. Fransa və onun əlaltıları olan beynəlxalq təşkilatlar bilməlidilər ki, Cənubi Qafqazda İlham Əliyev kimi güclü siyasətçisi və lider bir şəxsiyyət var. Onların regiondakı çirkin oyunları məğlubiyyətə düçar olacaq.
Ermənistan rəhbərliyi də Qərbin boyunduruğundan çıxmalı və öz Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı torpaq iddialarından əl çəkməlidir.
Ermənistanın Baş Naziri Nikol Paşinyanın arxalandığı Fransada bu gün dərin siyasi və iqtisadi böhran hökm sürür. Fransa prezident Makronun yeritdiyi yarıtmaz siyasəti nəticəsində beynəlxalq aləmdə nüfuzunu günbəgün itirməkdədir. Fransızlar özləri də Makronun səriştəsiz və ağılsız dövlət başçısı olduğunu vurğulayırlar. Düşünürəmki, Ermənistanın siyasi rəhbərliyi reallığı və həqiqətləri başa düşəcək, öz xalqının və dövlətinin gələcəyi naminə hər gün güclənən Azərbaycanla səmimi qonşuluq münasibətləri quracaq.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor