Azərbaycan-Türkiyə tandemi
44 günlük Vətən müharibəsində əldə edilən Zəfərdən sonra qüdrətli Azərbaycan dövləti regionda yeni reallıqlar yaradıb və bütün dünya bunu qəbul edir. Bəzi siyasi qüvvələr, regiona müdaxilə etməyə çalışan yad ünsürlər tərəfindən münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaradılmağa çalışılsa da, siyasi və informasiya təxribatları törədənlər uğursuzluğa düçar olurlar.
Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamaları, bəyanatları, yanaşması və mövqeyi də bu baxımdan istisna deyil. Ölkəmizin "dəmir yumruğu"nu dadan düşmən mövcud reallığı qəbul etməkdan başqa çıxış yolu qalmadığını yaxşı anlayır. Təsadüfi deyil ki, İrəvan hakimiyyətinin nümayəndələri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin labüdlüyü fikrini tez-tez gündəmə gətirirlər. Amma bu fikir imitasiya məqsədilə səsləndirilməməli, erməni tərəfi bunu əməldə təsdiqləməlidir. Bu gün Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Ölkəmizin bu təşəbbüsləri regionda sabitliyə maraqlı olan dövlətlər tərəfindən də yüksək qiymətləndirilir. Prosesə qardaş ölkə Türkiyənin dəstəyi özünü açıq şəkildə büruzə verir. Xüsusi vurğulamaq lazımdır ki, rəsmi Ankara ilə mövcud olan sıx əlaqələr Azərbaycanın nüfuzunu gücləndirməklə yanaşı, iqtisadi və siyasi manevrlər üçün daha geniş imkanlar yaradır. Bu gün Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və həmrəylik üzərində qurulan münasibətlərin dünyada analoqu yoxdur. Türkiyə bütün platformalarda Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir, atılan hər addımda bizim yanımızda olur. Rəsmi Bakı da daim Ankara ilə əlaqələrə xüsusi önəm verir. Azərbaycan-Türkiyə münasibətlərinin uğurlu model kimi təqdim olunmasının kökündə məhz bütün sahələrdə sıx əməkdaşlıq və real addımların müsbət göstəriciləri dayanır. Hazırda dünyada gedən mənfi proseslər təəssüf ki, yaşadığımız regiondan da yan keçmir. Bütün baş verənlərin fonunda Azərbaycan-Türkiyə tandemi gözlənilən və ehtimal edilən təhlükələrin qarşısını alaraq, zərəri minimuma endirmək istiqamətində praktik həllər üzərində çalışır. Ölkə başçımız cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan xalqı tarixin ən mühüm anlarında, xüsusən İkinci Qarabağ müharibəsi zamanı qardaş Türkiyənin bizə diplomatik və mənəvi dəstəyini hər zaman yüksək qiymətləndirir və heç vaxt unutmur. Yeni dünya düzənində ikitərəfli əlaqələr daha da möhkəmlənir və inkişaf edir. Azərbaycan və Türk xalqının eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması isə iki dövləti bir-birinə doğma edən başlıca amillərdən hesab olunur.
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olub. Ümummilli lider Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi münasibətlər bu gün də hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə qaldırılıb. Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığın şaxələndirilməsi bir sıra sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçidə şərait yaradıb. Eyni zamanda müasir dövrdə meydana çıxan çağırışlar, yeni geostrateji amillər, regional müstəvidə - Xəzər və Qara dəniz hövzələrini əhatə edən böyük coğrafiyada müşahidə edilən siyasi proseslər, iqtisadi inkişaf, təhlükəsizlik, enerji və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və bu kimi digər məsələlər iki qardaş ölkənin bütün sahələrdə əməkdaşlığının daha da möhkəmləndirilməsini strateji zərurətə çevirib.
Xatırladaq ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə olundu. Rəsmi Bakı və İrəvan arasındakı bu irəliləyişə hər zamankı kimi də ilk dəstək göstərən ölkə məhz Türkiyə idi. Rəsmi Ankara birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişafı yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addım kimi qiymətləndirdi.
Bu gün Türkiyə regionda sülh və sabitliyə töhfə verən əsas ölkələrdən hesab olunur. Siyasi münasibətlərdə yeni səhifələrin açılması, regional əlaqələrin dərinləşdirilməsi, terrorizmə qarşı mübarizədəki qətiyyət, Qafqazda siyasi münasibətlərin aydınlığa qovuşmasındakı təsir imkanları Türkiyənin önəmini bir daha təsdiqləyir. Qardaş ölkə yeni siyasi-iqtisadi münasibətlər sisteminə yeni imkanlarla qədəm qoymağa hazırlaşır. Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında aktiv fəaliyyət göstərməsi rəsmi Ankaranın barışığa verdiyi dəyərin növbəti təzahürüdür. Bakı ilə İrəvan arasında münasibətlər düzələrsə, qardaş ölkə Türkiyənin də Ermənistanla əlaqələri normallaşacaq. Belə olduğu təqdirdə isə Cənubi Qafqazda böyük ticarət, kommunikasiya, nəqliyyat və enerji imkanları yaranacaq. Bu baxımdan, Türkiyə mövcud vəziyyəti daha tez normallaşdırmaq, sülh sazişinin imzalanması üçün əlindən gələni edir, ölkəmizə dəstək göstərir.
Ramil Bayramov,
Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru