2025-ci il də tariximizə uğur səhifəsi kimi yazılacağaq!
31 dekabr tarixi xalqımızın həm milli, həm də mənəvi varlığını təcəssüm etdirən, birliyimizin simvolu olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir. Bu əlamətdar gün xalqımızın tarixi yaddaşında həm bölünməzliyin, həm də ümumi ideallara bağlılığın təcəssümü kimi əks olunmuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində daim bu arzunu ifadə edir ki, qarşıdakı il daha möhtəşəm uğurlarla tarixə yazılacaq. Bu əminliyə əsas verən təbii ki, Prezident İlham Əliyevin “Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq” çağırışına uyğun olaraq atılan addımlar və qazanılan nailiyyətlərdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirməklə yanaşı, azərbaycançılıq ideologiyasının təbliğində öz sözünü deyir.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını Azərbaycanın dünyaya təqdimatında, varlığını təsdiqləməsində əsas faktor kimi önə çəkdi. Onun “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi hər bir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə, fəaliyyətinin Naxçıvan mərhələsinə diqqət yetirsək, torpaq, Vətən sevgisindən irəli gələn addımlarının uğurlu nəticələrini görərik. Azərbaycançılıq ideologiyasının təbliği bütün dövrlər üçün aktuallığını qoruyur və qoruyacaq. Ümummilli Lider bu çağırışı etmişdir ki, müstəqilliyimizi, suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər. Milli həmrəyliyin uğurlu gələcəyini təmin edən tarixi qərar Naxçıvanda qəbul edilib: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası bu müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə Qanun qəbul edib və həmin vaxtdan etibarən bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi yönündə atdığı addımların uğurlu nəticəsi Azərbaycanın diplomatik mübarizədə qələbəsində öz sözünü dedi. Dünya birliyi ikili standartlara əsaslanan siyasəti ucbatından reallıqları görməzdən gəlsə də, Azərbaycanın real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən əsas amillər sırasında oldu. Son 21 ildə keçirilən Dünya Azərbaycanlılarının II, III, IV qurultayları sırasına Qarabağın tacı Şuşa şəhərində baş tutan V--Zəfər Qurultayı da yazıldı: “Dünyanın 65 ölkəsindən 400-dən çox diaspor nümayəndəsinin və digər qonaqların iştirak etdikləri qurultay postmünaqişə dövrünün reallıqları fonunda qarşıda dayanan vəzifələrin müzakirəsinə həsr olundu. Zəfər Qurultayında dövlətimizin başçısının proqram xarakterli çıxışı diaspor təşkilatlarının gələcək fəaliyyəti üçün yol xəritəsi oldu. Prezident İlham Əliyev işğal dövrü ilə postmünaqişə dövrünün müqayisəli təhlili əsasında bildirdi ki, bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz. Azərbaycan bütün sahələrdə tarixi Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq yeniləşmə, təkmilləşmə dövrünü yaşayır. Ölkəmizin iqtisadi, siyasi, diplomatik, hərbi uğurları davamlılığı ilə diqqətdə oldu. Enerji sektorunda qazandığımız uğurlar göz qabağındadır. Bu gün Azərbaycan neft, qaz, eyni zamanda, elektrik enerjisi ixracatçısı kimi çıxış edir. Azərbaycan dövləti siyasi sabitliyi təmin etməklə yanaşı, iqtisadi inkişafı, infrastruktur layihələrinin icrasını və sosial proqramların həyata keçirilməsini uğurla təmin edərək beynəlxalq arenada nüfuzunu daha da gücləndirmişdir. Bu uğurlar idman sahəsində də öz əksini tapmış və ölkəmiz 2024-cü ildə bir çox beynəlxalq yarışlarda əldə etdiyi tarixi nailiyyətlərlə yadda qalmışdır. Aparılan islahatlar ölkənin ümumi inkişafını sürətləndirmiş, idmanın populyarlaşdırılması və infrastrukturun genişləndirilməsi nəticəsində idmançılarımızın beynəlxalq səviyyədə qazandıqları medalların sayını əhəmiyyətli dərəcədə artırmışdır. Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən ilin idman yekunlarına həsr olunmuş tədbir də dövlətin bu sahəyə verdiyi yüksək diqqəti və dəstəyi bir daha nümayiş etdirmişdir.
Azərbaycan xalqı böyük xalqdır. Bizim hamımızın bir Vətəni vardır - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək.
Vasif Hümmətov,
Salyan Regional Qaz İstismarı İdarəsinin rəis müavini