Dünya Azərbaycanlıların həmrəyliyinin təcəssümü.
Məlumdur ki, hər il 31 dekabr tarixində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız tərəfindən böyük həvəs və coşqu ilə qeyd edilir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu bildirən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi elan edilmişdir”.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il may ayının 23-də Heydər Əliyevin imzaladığı müvafiq Sərəncamla 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin, həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də, öz aktuallığını saxlamaqdadır.
44 günlük Vətən müharibəsi Dünya Azərbaycanlıların həmrəyliyinin təcəssümünə çevrilmiş II Qarabağ müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində tarixi qələbəsi Azərbaycan dövlətinin, xalqımızın, o cümlədən də dünya azərbaycanlıllarının birlik, həmrəylik və qürur rəmzinə çevrildi. Böyük Zəfər ölkəmizin, dövlətimizin və xalqımızın tarixində yeni bir səhifə açdığı kimi, xaricdə yaşayan həmvətənlərimizin birləşdiyi diasporumuzun da fəaliyyəti üçün yeni bir başlanğıc yaratdı. Pandemiyanın yaratdığı qlobal təhlükə ilə başlayan birliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda apardığımız Vətən müharibəsi xalqımızı, diasporumuzu daha da mətinləşdirdi, birlik, həmrəylik anlayışlarını praktik olaraq reallaşdırdı. Bu baxımdan bu ilin aprel ayında mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı-Zəfər Qurultayını xüsusilə qeyd etməliyik. Dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsi Azərbaycan diasporunun gələcək fəaliyyətini dinamik inkişafda saxlamaq üçün mənəvi stimul rolunu oynamışdır. Eyni zamanda V Qurultay diaspora təşkilatlar qarşısında, bütövlükdə dünya azərbaycanlıları qarşısında yeni vəzifələr qoymuş, prioritet istiqamətləri müəyyənləşdirmişdir.
Faiq Zərbəliyev,
Salyan rayon Peyk kənd tam orta məktəbin direktoru