Dünya azərbaycanlılarının həmrəyliyinin fəlsəfəsi
Bizi, Azərbaycan Respublikasının vətəndaşlarını və dünya azərbaycanlılarını birləşdirən ideya, dəyər Azərbaycançılıqdır. Bu dəyər Azərbaycan dövlətini qorumaqdır, vətəndaşlarımızın və dünyadakı soydaşlarımızın həmrəyliyidir, birliyidir. Azərbaycançılıq ideyası ölkə daxilində vətəndaşlarımızı, xaricdə isə soydaşlarımızı birləşdirir, təşkilatlandırır. Çünki ölkə daxilində güclü vətəndaş həmrəyliyinin olması ilə yanaşı, xaricdəki güclü diaspor fəaliyyəti də dövlətçiliyimizi möhkəmləndirən amillərdən biridir.
Bildiyimiz kimi 1991-ci ildə Naxçıvanda ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilmişdir. Ümummilli Liderimiz bu münasibətlə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - müdrik rəhbərin bu kəlamları Azərbaycançılığın ideya əsaslarına, hər bir azərbaycanlı üçün isə milli qürur rəmzinə çevrilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə, həmçinin, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına əsaslı töhfə vermişdir. Eyni zamanda, Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar bir daha dünya azərbaycanlılarının Prezident cənab İlham Əliyevin, Azərbaycan dövlətinin, Azərbaycançılıq ideyasının ətrafında sıx birləşdiyini təsdiqlədi.
Bu gün dünya azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında cəmləşməsi üçün daha münbit şərait yaranmışdır. Azərbaycan nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan həmvətənlərimiz qarşısında geniş perspektivər açılmışdır.
Birlik və həmrəylimizi dünyaya bir daha bəyan edən 44 günlük Vətən müharibəsində xalq-ordu-iqtidar birliyi şanlı Qələbənin əldə edilməsində mühüm rol oynadı. Döyüş meydanında, diplomatiyada, informasiya müharibəsində birlik və həmrəylik göstərən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Dağlıq Qarabağ öz əzəli xalqına geri qaytarıldı. Prezident İlham Əliyevin 18 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bu günlər hamımız mübarək zəfərin təntənəsini yaşayır, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük.
Əlvanxanım Şirinova,
Salyan rayonu, Əməkdar müəllim