Ümummilli Lider Heydər Əliyev Azərbaycanın tarixini yazdı, yaratdı.
12 dekabr Ulu öndər Heydər Əliyevin anım günüdür.
Bu, bizim üçün sirr deyil, yaxın vaxtlarda biz hamımız bunun şahidi olmuşuq ki, Azərbaycanda milli qırğın, aclıq, hətta Azərbaycanın parçalanması gündəlikdə idi. Allahın köməyi, xalqın dəstəyi və çağırışı ilə Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana qayıtdı. Nəinki Azərbaycanı parçalanmaqdan qurtardı, yeni Azərbaycanın tarixini yazdı, yaratdı.
Bu gün də bu siyasət onun davamçıları tərəfindən davam etdirilir. Ulu Öndər on ildir ki, cismən bizdən ayrıdır, amma ruhən bizimlədir. Onun dediyi sözlər, onun arzuları, göstərdiyi yol, bizə öyrətdiyi dövlətçilik məktəbi, həyat verdiyi müstəqillik yaşayır və yaşamaqdadır. Əlbəttə ki, Azərbaycan 20 il əvvəlki Azərbaycan deyildir.
Azərbaycan bu gün dünyada tanınmış qüdrətli dövlətlərdən birinə çevrilmişdir. Əlbəttə, biz bu nailiyyətləri dövlətimizin rəhbərinin sayəsində əldə etmişik. Dünyada Heydər Əliyevin arzularının gerçəkləşməsində dövlətçiliyimizi, irsimizi, mədəniyyətimizi dünya səviyyəsinə qaldıran Heydər Əliyev Fondunun və Mehriban xanımın böyük zəhmətləri vardır. Allah-Taala ona bu işdə yardımçı olsun.Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir.
Bu gün keçmişə nəzər salarkən və Heydər Əliyevin hələ respublikamız keçmiş Sovet İttifaqının tərkibində olduğu zaman Azərbaycan üçün gördüyü işləri qiymətləndirərkən bu böyük insanın ruhu qarşısında baş əyməyə bilmirsən. Ulu öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi 15 ilə yaxın dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmuş, adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirməyə nail olmuşdu.Uzaqgörən siyasətçi kimi özünü hələ sovet dövründə təsdiq etmiş Heydər Əliyev yeni dövrün, yeni tarixi şəraitin xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanın inkişaf yolundan danışarkən deyirdi:
Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır: bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var. Heydər Əliyev Azərbaycan cəmiyyətini saflaşdırmış, gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan, milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoymuşdur. Vaxtilə gənclərlə keçirdiyi görüşlərdə dəfələrlə qeyd etmişdir ki: “Bizim gələcəyimiz gənclərdir... Biz bugünkü gənclərə çox yüksək amallara, mənəvi keyfiyyətlərə, yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə əmanət edəcəyik”. Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir.
Bugün ölkəmizdə bütün sahələrdə hiss edilən inkişaf ordu quruculuğu sahəsində də özünün ən yüksək zirvəsinə çatmışdır.
Ulu öndər bu gün cismən aramızda olmasa da onun ruhu çox şaddır. Dahi liderin arzuları reallaşdı, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə real və məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində Qarabağda qurduğu istehkamları darmadağın etdi, işğal altındakı torpaqları düşmən əsarətindən azad etdi. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" – deyən Ulu Öndərin vəsiyyətini həyata keçirdi, xalqımıza Qələbə sevincini yaşatdı. Vətən müharibəsində dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət və ordu quruculuğunu tam təsdiq elədi. Bu Qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı.
Cənab Prezident İlham Əliyevin 44 gün ərzində xarici mediada haqq səsimizi ucaltması, xalqa müraciətlərində səsləndirdiyi sözlər hər bir azərbaycanlıda böyük sevinc və qürur hisləri yaratdı. Bu tarixi qələbə, zəfər bayramını bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, igid, rəşadətli əsgər və zabitlərimizdir.
Ruhun şad olsun Ümummilli lider, Ulu öndər.
Hörmətlə YAP üzvü, Nərgiz Fondunun əməkdaşı, Paşa holdinqin əməkdaşı, Heydər Əliyev Fondunun əməkdaşı Fərid Şərifov