Ötən ay Bakı hava limanından beynəlxalq istiqamət üzrə daşınan sərnişinlərin yarısı xarici aviaşirkətlərin payına düşüb
Cari ilin noyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 595 min sərnişinə xidmət göstərərək ötən ilin eyni dövrü ilə müqayisədə 26 faizlik artım (470 min sərnişin) nümayiş etdirib. Bu dövrdə hava limanında ümumilikdə 4 min 598 uçuş həyata keçirilib.
Hava limanından bildirilib ki, beynəlxalq istiqamətlər üzrə daşınan sərnişinlərin sayı 549 min nəfərə çatıb ki, bunun da 51 faizi xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb.
Ən çox sərnişin daşınan istiqamətlər İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi və Ankara olub, bu marşrutlar üzrə ümumi sərnişin sayı 269 min nəfərdən çoxdur.
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 49 min 610 sərnişinə xidmət göstərilib. Bu istiqamətdə uçuşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15 faizlik artım (520 uçuş) nümayiş etdirib, lakin sərnişinlərin sayında 10 faizlik azalma müşahidə olunub.
Tranzit sərnişinlərin sayı isə ötən ilin noyabr ayı ilə müqayisədə 55 faiz artaraq 21 min 674 nəfərə çatıb.