Rusiya gəmiləri Tartusu tərk etdi: Açıq dənizə lövbər atdı
Peyk görüntüləri Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra Rusiya hərbi gəmilərinin Suriya sahillərindəki Tartus bazasını tərk etdiyini göstərir. Bəziləri açıq dənizə lövbər atıb.
Azturkxeber.az Axar.az-a istinadan xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.
“Planet Labs” tərəfindən dekabrın 9-da çəkilmiş görüntüdə Tartusdan təxminən 13 kilometr şimal-qərbdə iki idarə olunan raket freqatı və bir neft gəmisi də daxil olmaqla, ən azı üç Rusiya hərbi gəmisi əks olunub.
Rusiya Hərbi Dəniz Qüvvələrinin qalan gəmilərini peyk görüntülərində tapmaq mümkün olmayıb.
Xatırladaq ki, Rusiyanın sahilyanı Latakiya şəhərində böyük aviabazası və Tartusda dəniz bazası var. Tartus bazası Aralıq dənizində yeganə Rusiya gəmi təmiri və texniki xidmət mərkəzidir. Moskva Suriyadan hərbi gəmilərin Afrika ölkələrinə tranziti üçün istifadə edir.
“BlackSky” və “Planet Labs” tərəfindən peyk görüntülərinin təhlilinə əsasən, Tartusda əvvəllər beş gəmi və bir sualtı qayıq olub. Dekabrın 5-də “BlackSky” tərəfindən çəkilən şəkildə altı gəminin hamısının bazada olduğu görünür.
Peyk çəkilişlərinə əsasən, donanma dekabrın 6-dan 9-a kimi dəniz bazasını tərk edib.