Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb
Bəzi hallarda vətəndaşlar penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərirlər.
Bu barədə Azturkxeber.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində belə cəhdlərdən daha birinin qarşısı alınıb.
Belə ki, 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma atası tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən orada olan idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 16 ədəd bükülüdə 13,635 qram heroin, 4,529 qram metamfetamin və 2,825 qram qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: