Yeni Zelandiyanın Dunedin şəhərində 2028-ci il tam Günəş tutulması üçün hotellərdə yerlər indidən dolur
Yeni Zelandiyanın Dunedin şəhərində 2028-ci il iyulun 22-də baş verəcək tam Günəş tutulması ərəfəsində hotellərdə rezervasiyalar tədbirə hələ iki il qalmış demək olar ki, tam dolub.
“Radio New Zealand”ın məlumatına görə, təxminən 850 ildən sonra ilk dəfə bu bölgədən müşahidə olunacaq tam Günəş tutulması ölkənin cənubundakı Kvinstaun və Dunedin şəhərləri arasında uzanan, təxminən 100 kilometr enində zolaq boyunca tam şəkildə görünəcək.
2028-ci il iyulun 22-də Ayın Günəşin önündən keçməsi nəticəsində tutulmanın tam müşahidə olunacağı ərazilər 2 dəqiqə 51 saniyə ərzində gündüz vaxtı qaranlığa bürünəcək.
Hadisəyə hələ iki il qalmasına baxmayaraq, Dunedindəki hotellər artıq çoxlu sayda rezervasiya sifarişi qəbul edir. Şəhərdə yerləşən “Dunedin Leisure Lodge” hotelinin Günəş tutulmasını izləmək üçün xüsusi eynəklərin də daxil olduğu "Günəş tutulması paketi" tamamilə satılıb.
Dunedin şəhərinin mer müavini Çerri Lukas bildirib ki, bu nadir astronomik hadisə şəhər üçün mühüm turizm imkanı yaradacaq. Onun sözlərinə görə, 130 min nəfər əhalisi olan şəhərə təxminən 30 min ziyarətçinin gələcəyi gözlənilir.
Yeni Zelandiyadakı Tühura Otaqo Muzeyinin direktoru, astronom İan Qriffin isə qeyd edib ki, Dunedin tam Günəş tutulmasının müşahidə oluna biləcəyi son böyük quru ərazilərindən biri olduğuna görə dünyanın ən mühüm müşahidə məntəqələrindən birinə çevriləcək. O bildirib ki, bu hadisə minlərlə astronomiya həvəskarını və turisti şəhərə cəlb edəcək.
Qeyd edək ki, tam Günəş tutulması Ayın Yer ilə Günəş arasına keçərək Günəşin görünən səthini tamamilə örtməsi nəticəsində baş verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: