azturkxeber.az
http://azturkxeber.az

Kəlbəcərin Qaraarxac yaylağı: Əsrlərdən gələn ənənə yenidən öz axarına qayıdır

25-07-2026

Qarlı zirvələrin qoynunda uzanan sonsuz yaşıl örüşlər, dağ çiçəklərinin bürüdüyü yamaclar, buz kimi bulaqlar və səhərin ilk şəfəqləri ilə otlağa çıxan qoyun sürüləri... Kəlbəcərdə əsrlər boyu davam edən yaylaq həyatı yenidən öz axarına qayıdıb. İşğal illərində yarımçıq qalan bu ənənə artıq altıncı yay mövsümüdür ki, doğma torpaqlarda davam etdirilir.

Mollabayramlı kəndi ərazisində yerləşən Qaraarxac yaylağı zəngin ot örtüyü, rəngarəng dağ bitkiləri və sərin iqlimi ilə heyvandarlıq üçün ən əlverişli məkanlardan biridir. Yay mövsümündə minlərlə xırdabuynuzlu və iribuynuzlu heyvan bu yaylaqlara gətirilir. Fermerlər deyirlər ki, təbii otlaqlar heyvanların həm kökəlməsinə, həm də süd və bala veriminin artmasına müsbət təsir göstərir.

Rəsmi məlumatlara əsasən, bu il Kəlbəcər rayonunun yaylaqlarına 582 fermer təsərrüfatına məxsus 160 min başdan artıq xırdabuynuzlu və 4626 baş iribuynuzlu heyvan gətirilib. Bununla yanaşı, 3396 arıçılıq təsərrüfatına məxsus 148 min 308 arı ailəsi də mövsüm ərzində rayon ərazisində yerləşdirilib.

1993-cü ildə Kəlbəcərin işğalından sonra doğma yurdunu tərk edərək Ucar rayonunda məskunlaşan Mollabayramlı kənd sakini Fazil Təhməzov artıq altıncı ildir ki, yay mövsümünü yenidən ata-baba yurdunda keçirir. Onun sözlərinə görə, 32 illik həsrətdən sonra doğma torpaqda heyvandarlıqla məşğul olmaq sözlə ifadə edilə bilməyəcək bir hissdir. Hazırda 600-ə yaxın xırdabuynuzlu heyvan saxlayan fermer deyir ki, yaylaqda bəslənən heyvanların həm əti, həm də südü daha keyfiyyətli olur. Ata-babalarından miras qalan yaylaq ənənəsini bu gün də davam etdirən Fazil Təhməzov üçün Kəlbəcərə boz atla qayıtmaq da illərlə qəlbində yaşatdığı arzunun gerçəkləşməsidir.

Qaraarxac yaylağındakı digər fermer təsərrüfatında 2500-dən çox xırdabuynuzlu, 25 baş iribuynuzlu heyvan saxlanılır. Qurban Tanrıverdiyev deyir ki, dədə-babaları da heyvanlarını yay aylarında Kəlbəcər yaylaqlarında, qışda isə aran ərazilərində saxlayıblar. Bu ənənə bu gün də davam etdirilir. Sərin hava, zəngin ot örtüyü və saf bulaq suları heyvanların məhsuldarlığını artırmaqla yanaşı, süd və ət məhsullarının keyfiyyətinə də öz təsirini göstərir.

Sacın başında yuxa yayan Könül Mehdiyeva isə deyir ki, yaylaq həyatı yalnız heyvandarlıqdan ibarət deyil. Burada hər gün təbiətlə iç-içə keçən zəhmət və əsrlərin formalaşdırdığı məişət ənənələri yaşadılır. Hər səhər qoyunlar sağılır, təzə süddən pendir hazırlanır, dağlardan toplanan kəklikotu, qantəpər, çayotu və çobanyastığından ətirli çay dəmlənir. Onun sözlərinə görə, yaylaqda hər şey təbiidir – havası da, suyu da, süfrəyə gələn nemətlər də.

Qaraarxac yaylağında günəş hər səhər dağların arxasından doğarkən təkcə yeni bir gün başlamır. Vaxtilə yarımçıq qalan yaylaq həyatı da yenidən canlanır. Otlaqlara yayılan sürülər, sac üstündə bişən yuxa, dəmlənən dağ çayı və bu torpaqlarda zəhmətlə yaşayan insanlar göstərirlər ki, Kəlbəcərin yaylaqları bu gün təkcə təbiətin bənzərsiz gözəlliyini deyil, həm də əsrlərin sınağından çıxmış həyat tərzini və insanların doğma yurda bağlılığını yaşatmağa davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031