Professor Məsud Əfəndiyevin Beynəlxalq Yay Məktəbi başa çatıb
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) kompleks sistemlərin öyrənilməsi və müxtəlif sahələrdə tətbiqinə həsr olunan Beynəlxalq Yay Məktəbi başa çatıb.
AzMİU-dan bildirilib ki, bir neçə gün davam edən proqram çərçivəsində iştirakçılar kompleks sistemlərin modelləşdirilməsi, riyazi yanaşmaların müxtəlif elm sahələrində tətbiqi, fənlərarası tədqiqat metodologiyası, müasir elmi yanaşmalarla bağlı nəzəri və praktiki biliklər əldə ediblər.
Yay məktəbi çərçivəsində AzMİU rektorunun müşaviri, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri, professor Məsud Əfəndiyev tərəfindən müasir riyazi modelləşdirmə, kinetik proseslərin hesablanma üsulları, mürəkkəb sistemlərin analizi və müxtəlif elmi istiqamətlər arasında bilik inteqrasiyasına həsr olunmuş mühazirələr təqdim edilib. Eyni zamanda, iştirakçılar süni intellekt, səhiyyə, ekologiya, iqtisadiyyat və mühəndislik kimi sahələrdə kompleks sistemlərin tətbiqi imkanları ilə tanış olub, interaktiv müzakirələrə qatılıblar.
Proqramın əsas fərqləndirici cəhətlərindən biri müxtəlif ixtisas sahələrini təmsil edən iştirakçıların multidisiplinar komandalar şəklində fəaliyyət göstərməsi olub. Formalaşdırılan qruplarda müxtəlif elmi baxışlar bir araya gətirilərək yeni tədqiqat ideyaları müzakirə edilib, birgə elmi layihələrin hazırlanması, nüfuzlu beynəlxalq jurnallarda dərc olunacaq elmi məqalələrin yazılması və uzunmüddətli elmi əməkdaşlıq imkanları istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda yay məktəbi iştirakçılarına sertifikatlar təqdim olunub.
Yay məktəbində iştirak etmək üçün ümumilikdə 46 nəfər qeydiyyatdan keçib. Onlardan 33 nəfəri AzMİU-nun əməkdaş və tələbələri olub, 13 nəfəri isə Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Universiteti, ADA Universiteti və Qarabağ Universitetini təmsil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:

