azturkxeber.az
http://azturkxeber.az

Nərimanov parkında təşkil edilən satış sərgisində 20-yə yaxın sağlamlıq imkanları məhdud şəxsin əl işləri sərgilənir

24-07-2026

Bakıdakı Nərimanov parkında "Bacarıqlı Əllər Dünyası" İctimai Birliyi, "Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı" İctimai Birliyinin dəstəyi ilə "Zəfər övladlarının incə əl işləri" satış sərgisi təşkil edilib.

Sərgidə 20-yə yaxın sağlamlıq imkanları məhdud şəxsin əl işləri sərgilənir. İştirakçılar arasında qazi, birinci qrup əlil Bəhruz Hüseynovla həyat yoldaşının, eyni zamanda, Mustafa Abdullayev, Südabə Mirnağıyeva, Zəhra Alxasova, Aslımaral Umarova və digərlərinin incə və dəyərli əl işləri ziyarətçilərin diqqətini cəlb edib.

Sərgini giriş sözü ilə açan "Bacarıqlı Əllər Dünyası" İctimai Birliyinin sədri Azadə Məmmədova əlilliyi olan şəxslərin cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrdən olduğunu, onlara davamlı diqqətin göstərilməsinin vacibliyini diqqətə çatdırıb: "Həmin şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etmək üçün dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Dövlətin həmin istiqamətdə apardığı siyasətə dəstək olaraq qeyri-hökumət təşkilatları da bu yöndə bir sıra addımlar atır, xüsusilə əlilliyi olan şəxslərin, şəhid ailə üzvlərinin, qazi və onların övladlarının yaradıcılıq qabiliyyətinin üzə çıxarılması və inkişafına dəstək göstərirlər. Artıq 17 ildir fəaliyyət göstərən "Bacarıqlı Əllər Dünyası" İctimai Birliyi də bu baxımdan bir çox uğurlu layihələr həyata keçirib. Layihələrin əsas məqsədi milli dəyərlərimizi tanıtmaq, gələcək nəsillərə çatdırmaq, eyni zamanda, həssas qrupdan olan şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, qazi və şəhid ailələrinin sosial rifahlarını dəstəkləmək olub. Bugünkü satış sərgisinin təşkilində başlıca amal həm də Vətən uğrunda canından keçən igid oğulların xatirəsini əziz tutmaq, yolunda şəhid olduqları yurd yerlərimizin ətrini, tarixi keçmişini, insanlarının düşüncə tərzini və məişət mədəniyyətini ilmələrində qoruyub saxlayan xalq sənətini böyüməkdə olan nəslə daha yaxından tanıtmaq və sevdirməkdir".

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Şəbnəm Cəfərova və Birinci Qarabağ müharibəsi veteranı Azər Mehdiyev belə təşəbbüslərin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Onlar qeyd ediblər ki, sağlamlıq imkanları məhdud şəxslərin, şəhid ailələrinin, qazilərin və onların övladlarının yaradıcılıq potensialının nümayiş etdirilməsi, əməyinə dəyər verilməsi və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi xüsusi önəm kəsb edir. Çıxış edənlər bu kimi layihələrin davamlı olmasının vacibliyini vurğulayaraq, təşkilatçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Satış sərgisi iyulun 25-də də davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031