azturkxeber.az
http://azturkxeber.az

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olub

24-07-2026

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olub

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, akademik Çingiz Hüseynzadənin 75 yaşı tamam olub.

Azturkxeber.az xəbər verir ki, 1951-ci il iyulun 21-də Bakı şəhərində anadan olan Çingiz Hüseynzadə uzun illər ərzində həm elm, həm də idman və Olimpiya Hərəkatı sahəsində 30 ildən çoxdur səmərəli fəaliyyət göstərir.

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirən Çingiz Hüseynzadə 1972-ci ildə Yəməndə tərcüməçi kimi işləyib. 1977-1988-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifəsində çalışıb.

Çingiz Hüeynzadə 1981-1984-cü illərdə Liviyada tərcüməçi kimi fəaliyyətini davam etdirib.

1988-1990-cı illərdə Azərbaycan Mədəniyyət Fondunda işləyən Çingiz Hüseynzadə 1992-ci ildə Dövlət Füzuli Yubiley Komissiyasının məsul katibi təyin olunub.

1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində elm sektoruna müdir təyin edilib.

Çingiz Hüseynzadə 1993-1997-ci illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasında Humanitar siyasət şöbəsinin məsləhətçisi kimi çalışaraq elm, təhsil və idman sahələrinin kuratoru olub. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü kimi ölkədə idman və Olimpiya Hərəkatının inkişafına mühüm töhfələr verir.

2005-ci ildə "Azərbaycan dilində morfoloji norma" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, 100-ə yaxın elmi əsərin, "Azərbaycan dilində morfoloji norma", "Dil norması və kriminalistika" (həmmüəllif), "Orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər" adlı monoqrafiyaların müəllifidir.

Çingiz Hüseynzadə 1996-2023-cü illərdə Azərbaycan Atletika Federasiyasına rəhbərlik edib, 2009-cu ildən İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvüdür. Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin üzvü kimi AOK-un Olimpiya Oyunları Komissiyasına rəhbərlik edərək, müxtəlif beynəlxalq idman qurumlarında ölkəmizi layiqincə təmsil edib. Çingiz Hüseynzadə 1996-cı ildən etibarən Yay və Qış Olimpiya Oyunlarında Azərbaycanın rəsmi nümayəndə heyətində təmsil olunur.

Milli Olimpiya Komitəsinin 10, 15, 20, 25, 30 illik yubiley kitablarının ideya müəllifi və baş redaktorudur.

Onun çoxillik fəaliyyəti dövlətimiz və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Çingiz Hüseynzadə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” (2007) və “Şərəf” ordenləri (2021) ilə təltif olunub. O, həmçinin “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adına (2001), Avropa Olimpiya Komitəsinin “Olimpiya Şöhrəti” (2010) mükafatına, Beynəlxalq Hərbi İdman Şurasının ordeninə (2018), “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına (2024) və digər nüfuzlu mükafatlara layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031