Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni mərhələdir

Prezident cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycanla Almaniya arasında mövcud siyasi, iqtisadi əlaqələrin yüksəldilməsinə və möhkəmləndirilməsinə böyük zəmin yaradacaq.
Ümumiyyətlə Almaniya ilə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələr hər zaman qarşılıqlı hörmət əsasında qurulmuşdur. İki dövlət arasında əlaqələrin müsbət yönümdə inkişaf etdirilməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana Prezident seçildikdən bir neçə il sonra Almaniyaya rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin yaradılmasının başlanğıcı olmuşdur. 2004-cü ildə Prezident cənab İlham Əliyevin Almaniyaya ilk rəsmi səfəri əsası qoyulan bu əməkdaşlığı irəliyə apardı. 2018-ci ildə Almaniyanın Federal Kansleri Angela Merkelin, 2023-cü ildə isə Federal Prezident Frank-Valter Ştayn Mayerin Azərbaycana səfərləri Almaniyanın Azərbaycanla ikitərəfli əlaqələrin inkişafına böyük önəm verməsinin sübutudur.
Prezident cənab İlham Əliyevin iyulın 20-də Almaniya səfəri çərçivəsində Almaniya Kansleri ilə təkbətək və geniştərkibli görüşləri və imzalanan sənədlər gələcək inkişafın prespektivliyindən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mers "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" imzaladılar. Həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə
razılığa gəlindi. Bəyannamədə dövlətlərin bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılması xüsusi vurğulanıb. Bu gün Almaniyanın Azərbaycan dövlətinin Cənubi Qafqazda sülhün və sabitliyin yaradılması istiqamətində həyata keçirdiyi bütün işləri dəstəklədiyini xüsusi qeyd etmək lazımdır. Avropa İttifaqının ən aparıcı, eləcə də iqtisadi güc mərkəzi olan Almaniya dövlətinin Azərbaycanla sıx siyasi, iqtisadi əlaqələrin qurulmasına böyük maraq göstərməsi ölkəmizin nüfuzundan xəbər verir.
Azərbaycan Almaniyanın enerji təhlükəsizliyində də xüsusi rol oynayır. Uzun illərdir Azərbaycan Almaniyaya neft ixrac edir və artıq bu ildən başlayaraq ölkəmiz Almaniyaya təbii qaz da ixrac edir. Azərbaycanın ildə xarici dövlətlərə ixrac etdiyi 25 milyard kub metr təbii qazın yarısı Avropa İttifaqına üzv olan 10 ölkəyə nəql edilir ki, bunun da 1,5 milyard kub metri Almaniyaya çatdırılır. Prezident cənab İlham Əliyev çıxışında Almaniyaya qaz ixracının artırılması üçün böyük imkanlar olduğunu vurğuladı. Almaniya Kansleri çıxışında Azərbaycanın Avrasiya məkanında olduqca önəmli bir dövlət olduğunu xüsusi vurğuladı. Prezident cənab İlham Əliyevin ölkəmizdə reallaşdırdığı nəqliyyat və logistika infrastrukturu Avropa dövlətlərinin Asiya ilə bir başa əlaqələr qurmasına böyük töhfələr verir.
Bu gün 200-dən çox alman şirkətləri Azərbaycanda aktiv fəaliyyət göstərir. İki dövlət arasında razılaşmaya uyğun olaraq alman şirkətləri Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsində yaxından iştirak edəcəklər. Prezident cənab İlham Əliyevin Almaniyaya səfəri enerji təhlükəsizliyi, logistika, qarşılıqlı investisiya, regional təhlükəsizlik sahələrində yeni imkanlar yaradılmasına səbəb olacaq. Sözsüz ki, Orta Dəhlizin strateji əhəmiyyətini də artıracaq. Bu gün Almaniya Azərbaycanın Avropada əsas siyasi və iqtisadi tərəfdaşlarından biridir.
Prezident cənab İlham Əliyevin Almaniyaya bu dəfəki səfəri Azərbaycan-Almaniya münasibətlərinin daha da dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və siyasi dialoqun yeni inkişaf mərhələsinə qədəm qoymasına böyük töhfə verməklə yanaşı, ölkəmizin uğurlu xarici siyasəti kimi tarixə yazılacaq.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: