Kamçatkada Şiveluç vulkanı 4 kilometr hündürlüyə çatan kül püskürüb
Rusiyanın Kamçatka bölgəsində yerləşən Şiveluç vulkanı dəniz səviyyəsindən 4 min metr hündürlüyə çatan kül püskürüb.
Azturkxeber.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka Vulkan Püskürmələrinə Cavab Qrupu (KVERT) məlumat yayıb.
Məlumata görə, vulkanın ekstruziv-effuziv püskürməsi davam edir. Lava günbəzinin şimal hissəsində yeni lava bloku formalaşmaqdadır. Meydana gələn partlayışlar nəticəsində kül dəniz səviyyəsindən 4 km yüksəkliyə qalxıb, kül buludu isə vulkandan 22 km şərq istiqamətinə doğru hərəkət edib.
Vulkanik aktivliklə əlaqədar aviasiya üçün "narıncı" təhlükə kodu elan olunub. Vulkanın fəallığı bölgədəki daxili uçuşlar üçün ciddi risk yaradır. Alimlərin proqnozuna görə, vulkan hər an külü dəniz səviyyəsindən 12 kilometr yüksəkliyə qədər püskürdə bilər.
Şiveluç Kamçatkanın ən şimalında yerləşən aktiv və ən böyük vulkanlarından biridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: