Bu gün Ümumdünya Balinalar və Delfinlər Günüdür
Hər il iyulun 23-də dünyanın bir sıra ölkələrində Ümumdünya Balinalar və Delfinlər Günü kimi qeyd olunur.
Azturkxeber.az xəbər verir ki, bu gün 1986-cı ildə təsis edilib. Bu bayram 1986-cı ildə - iki əsrlik amansız balina qırğınından sonra Beynəlxalq Balina Ovçuluğu Komissiyası tərəfindən 1982-ci il iyulun 23-də tətbiq edilmiş balina ovuna qadağanın qüvvəyə mindiyi ildə təsis edilib. Həmin qadağa bu gün də qüvvədədir və bütün dünyada balina ovunun, eləcə də balina ətinin ticarətinin qadağan olunmasını nəzərdə tutur.
Lakin balina ovu bu heyvanlar üçün yeganə təhlükə deyil. Balinaların, delfinlərin və digər dəniz məməlilərinin sayının azalmasına səbəb olan əsas amillərdən biri də onların delfinariumlar, okeanariumlar və sirklər üçün ovlanmasıdır.
Bundan əlavə, insanların dəniz və okeanları plastik, şüşə, metal tullantıları, balıqçılıq torları və digər zibillərlə çirkləndirməsi də dəniz məməliləri üçün ciddi təhlükə yaradır. Heyvanlar həmin tullantılara dolaşaraq xəsarət alır və ya təsadüfən onları udaraq həzm sistemlərinə ciddi zərər yetirirlər.
Məhz buna görə də bu gün yalnız balinaların deyil, bütün dəniz məməlilərinin qorunmasına həsr olunmuş beynəlxalq əhəmiyyətli bir gündür.
Hər il bu tarixdə dünyanın müxtəlif ölkələrində ekoloji təşkilatlar və təbiəti mühafizə qrupları balinaların və digər dəniz məməlilərinin müdafiəsi məqsədilə aksiyalar və maarifləndirici tədbirlər keçirirlər. Çox vaxt ekoloqlar bu günü nəsli kəsilmək təhlükəsi altında olan konkret bir növün qorunmasına həsr edirlər.
Qeyd edək ki, 23 iyul balinalarla bağlı yeganə xüsusi gün deyil. Bir sıra ölkələrdə milli balina günləri də qeyd olunur. Məsələn, Avstraliyada 2008-ci ildən etibarən Milli Balina Günü hər ilin iyun ayının ilk şənbə günü keçirilir. ABŞ-da isə Ümumdünya Balinalar Günü ənənəvi olaraq yay gün dönümü iyunun 21-də qeyd edilir.
Bundan başqa, balinaların və digər dəniz məməlilərinin qorunmasına həsr olunan daha bir beynəlxalq tarix də mövcuddur. Bu, fevral ayında qeyd olunan Ümumdünya Dəniz Məməlilərinin Mühafizəsi Günü (Balina Günü)dür.
Yer kürəsinin dəniz və okeanları insanlar yaranmazdan xeyli əvvəl dəniz məməliləri tərəfindən məskunlaşdırılıb. Paleontoloji tapıntılar balinaların və suitilərin təxminən 26 milyon il əvvəl mövcud olduğunu təsdiqləyir. Balinakimilər (Cetacea) dəstəsinə balinalar, delfinlər və dəniz donuzları daxildir.
Qatil balinalar (orka) dünyanın ən iri yırtıcı delfinləri hesab olunur. Onlar saatda 50 kilometrədək sürətlə üzə bilir. Qara-ağ rəngli bu möhtəşəm heyvanların 40–60 dişi olur və hər dişin uzunluğu təxminən 13 santimetrə çatır. Bu xüsusiyyət onlara digər dəniz canlılarını asanlıqla ovlamağa imkan verir.
Delfinlər dişli balinalar yarımdəstəsinə aid dəniz məməliləridir. Dünyada onların 47 növü mövcuddur. Delfinlər sürü halında yaşayır və olduqca mehriban canlılar hesab olunurlar. Tarixdə onların boğulmaq təhlükəsi ilə üzləşən insanları xilas etdiyi çoxsaylı hallar qeydə alınıb.
Beluqalar və ya ağ balinalar mimika vasitəsilə emosiyalarını ifadə edə bilən yeganə balinakimilərdir. Yaş artdıqca onların dəri rəngi dəyişir: yeni doğulan beluqalar tünd mavi rəngdə olur, bir yaşından sonra boz-mavi və boz rəng alır, 3–5 yaşdan sonra isə tamamilə ağ rəngə çevrilirlər. Yetkin beluqaların bədən uzunluğu 6 metrə, erkəklərinin çəkisi 2 tona, dişilərinin isə 1,5 tona çata bilir.
Mavi balina Yer üzündə yaşayan ən böyük canlıdır. Onun uzunluğu 35 metrə, çəkisi isə 200 tona qədər ola bilər. Tarix boyu balinalar insanlara balina bığı, spermaset, balina yağı və sümük unu kimi qiymətli məhsullar veriblər. Son illərdə isə tibb alimləri balinaların öyrənilməsinə xüsusi maraq göstərirlər.
Balina dənizdə həyatın rəmzidir – nəhəng, qüdrətli, lakin eyni zamanda son dərəcə müdafiəsiz bir canlıdır. Bunu unutmamaq və onları qorumaq hər kəsin borcudur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: