“Səyyar Gənclər Xidməti” Ağsu gəncləri üçün növbəti dəfə yeni imkanlar yaradıb
“Gənclərlə, gənclər üçün” devizi ilə işini uğurla davam etdirən “Səyyar Gənclər Xidməti” layihəsi Ağsu gəncləri üçün xidmət göstərir.
Azturkxeber.az xəbər verir ki, proqram iyulun 20-24-nü əhatə edir.
Layihənin əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasıdır.
Ağsuda təşkil olunan layihənin açılış mərasimində çıxış edən Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevil Mirzəyeva ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev layihənin region gənclərinin hərtərəfli inkişafına verdiyi töhfələrdən, onların şəbəkələşməsi, bilik və bacarıqlarının zənginləşdirilməsi, karyera perspektivlərinin genişləndirilməsi istiqamətində yaratdığı imkanlardan söz açıblar.
Layihənin 5 günlük proqramı müddətində Ağsu rayonundan olan gənclər "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək, həm yeni biliklər əldə edir, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanırlar.
Həmçinin, iştirakçılar üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialı və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən maarifləndirici sessiyalar təşkil olunur. Eləcə də gənclər peşəkar mütəxəssislərin təqdimatında ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi mövzularında keçirilən təlimlərdə fəal iştirak edirlər.
Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılırlar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində bu il artıq Şəki, Oğuz, Qəbələ və İsmayıllıda yaşayan gənclər üçün səyyar xidmət təşkil olunub. Layihə noyabr ayınadək respublikanın 20 şəhər və rayonunu əhatə edərək, 8 mindən çox gəncə xidmət göstərəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:







