azturkxeber.az
http://azturkxeber.az

Gədəbəydə Xarxar nekropolunda arxeoloji qazıntılara başlanılıb

21-07-2026

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu “Azerbaijan International Mining Company” (AIMC) arasında bağlanmış birgə müqaviləyə əsasən Gədəbəy rayonunun Xarxar kəndində yerləşən eyniadlı nekropolda arxeoloji qazıntılara başlayıb.

Bu barədə Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Arxeoloji ekspedisiyanın rəhbəri AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Şamil Nəcəfovdur. Xarxar nekropolunun yerləşdiyi məkan ilk dəfə 2012-ci ildə mərhum arxeoloq Qoşqar Qoşqarlı tərəfindən Şəmkir və Gədəbəy rayonları ərazisində alban dövrünə aid arxeoloji abidələrin qeydiyyatı aparılan zaman yerli əhalinin verdiyi məlumat əsasında müəyyən edilib, əraziyə ilkin arxeoloji baxış keçirilib, müşahidələr aparılıb və abidənin xüsusiyyətləri müəyyən edilib. Nekropolda arxeoloji kəşfiyyat işlərinə söykənən ilk əsaslı tədqiqat isə 2023-cü ildə Gədəbəy arxeoloji ekspedisiyasının rəhbəri Tükəzban Göyüşova tərəfindən aparılıb, nekropolun tutduğu areal müəyyənləşdirilib, qəbirlərin bəziləri fotofiksasiya edilib, abidənin yerləşdiyi ərazinin çevrə koordinatları götürülmüş və bu barədə toplanılan informasiya müəllifin elmi hesabatına daxil edilib.

Xarxar nekropolu Gədəbəy rayonunun Xarxar kəndində, Xarxarçayın kiçik dağ çayı qolunun hündür sol sahilində, yüksək dağ zirvəzindən çay dərəsinə yönəlik yastı, az maili təpəlikdə yerləşir.

Şamil Nəcəfovun verdiyi məlumata görə, nekropolun sahəsi 1 hektarda bir qədər artıqdır. İlkin müşahidələr onu deməyə əsas verir ki, vaxtilə nekropolun sərhədləri daha geniş əraziləri əhatə etmişdir. Bu fikri yaxın ətraflardan, xüsusilə əkin yerlərindən tapılan eyni formalı qəbir daşlarının aşkarlanması da sübut edir. Ayrıca, nekropolun şərq hüdudunda sərt dağ yamacının torpaqlarını yağış və sel sularının yuması və aşınma nəticəsində bəzi qəbirlər dağıntıya məruz qalmışdır. Nekropolda ilkin müşahidələr zamanı yerüstü əlamətləri bilinən 130-a qədər qəbir abidəsinin varlığı qeydə alınıb. Qəbirlərin bəziləri dikinə basdırılmış baş və ayaq daşları, qəbir kameraları üzərində cənub-qərb – şimal-şərq istiqamətində uzadılmış sinə daşları ilə müşayiət olunur. Yalnız sinə daşları ilə müşayiət olunan qəbirlərin sayı isə daha çoxdur. Qəbirlər sıx salınıb və qəbirüstü daşların ölçüsündə qeyri-standartlıq müşahidə olunur. Baş və sinə daşları təxminən 2-2,5 metr uzunluğunda, 50-80 santimetr qalınlığında olub, ağırlıqları 200-300 kiloqramdan 1 tona qədərdir. Ehtimal etmək olar ki, bu qədər ağır çəkidə qəbir daşları zamanında xüsusi texnologiya ilə qəbiristanlığa gətirilib, dəfn mərasimlərində istifadə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031