azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanda “Made in Italy” məhsullarının keyfiyyəti və mədəni irsinə dair 6 aylıq proqram başlayır

21-07-2026

İtaliya Ticarət Agentliyi (ITA/ICE) Azərbaycanda İtaliyanın təbii qida və içki məhsullarının təşviqinə həsr olunmuş altı aylıq proqrama başlayır.

Azturkxeber.az xəbər verir ki, iyuldan dekabr ayınadək Bakıda keçiriləcək bu təşəbbüs çərçivəsində “Made in Italy” məhsullarının yüksək keyfiyyətini, orijinallığını və zəngin mədəni irsini nümayiş etdirən maarifləndirici, tanıtım və biznesyönümlü silsilə tədbirlər təşkil olunacaq. Bu proqram agentliyin əsas vəzifəsinin yalnız İtaliya məhsullarının ixracını dəstəkləmək deyil, eyni zamanda, “Made in Italy” anlayışının əsl mahiyyətini Azərbaycan ictimaiyyətinə daha yaxından tanıtmaq məqsədi daşıyır. Təşəbbüs çərçivəsində məhsulların tanıdılması ilə yanaşı, orijinal İtaliya məhsullarını fərqləndirən keyfiyyət, mənşənin izlənilə bilməsi, davamlı istehsal prinsipləri və autentiklik kimi əsas dəyərlər barədə məlumatlılığın artırılması hədəflənir.

Layihə çərçivəsində idxalçılar, distribüterlər, pərakəndə satış şəbəkələri, “HoReCa” sektorunun nümayəndələri, aşpazlar, jurnalistlər, qida bloqerləri, tələbələr və istehlakçılar bir araya gələrək həm İtaliya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafına, həm də iki ölkənin mədəni əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəklər. Proqram iştirakçıları İtaliyadan dəvət olunmuş mütəxəssislərlə görüşmək, maarifləndirici seminar və master-klasslarda iştirak etmək, ənənəvi istehsal üsulları ilə tanış olmaq, orijinal İtaliya məhsullarını tanımağı və onların qida dəyəri ilə mədəni əhəmiyyətini daha yaxından öyrənmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, İtaliya uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət əlaqələrinin əsas hissəsini enerji sektoru təşkil etsə də, son illərdə İtaliya mənşəli qida və içki məhsullarının Azərbaycana idxalı davamlı artım nümayiş etdirir. Bu tendensiya Azərbaycan istehlakçılarının yüksəkkeyfiyyətli və premium məhsullara artan marağını əks etdirir. Ölkəmizdə sağlam qidalanmaya marağın artması, istehlakçıların məhsul keyfiyyətinə daha həssas yanaşması və “HoReCa” sektorunun dinamik inkişafı orijinal İtaliya məhsullarına olan tələbatı daha da gücləndirib. İtaliya şərabı, makaronu, pendiri, zeytun yağı və digər ənənəvi məhsullar keyfiyyətin, təhlükəsizliyin və zəngin kulinariya ənənələrinin rəmzinə çevrilib.

İtaliya mətbəxinin dünya miqyasında populyarlığının artması fonunda istehlakçıların həqiqi “Made in Italy” məhsulları təqlid məhsullardan ayırd edə bilməsi xüsusi əhəmiyyət kəsb edir. Etibarlı məlumatın təqdim edilməsi və istehlakçıların düzgün seçim etməsinə dəstək göstərilməsi bu təşəbbüsün əsas məqsədlərindəndir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031