XİN: Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub
Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində bu ilin iyulun 18-19-da Suriya Ərəb Respublikasından 7-si qadın və 9-u uşaq olmaqla, ümumilikdə 16 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, ilk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi təmin olunub.
Daha sonra Azərbaycanın Suriyadakı və Türkiyədəkı səfirlikləri, o cümlədən İstanbul şəhərindəki baş konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri, habelə təyyarə biletləri ilə təmin edilib və ölkəyə gətiriliblər.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: