Türkiyədə Van gölünün ekoloji mühafizəsi müzakirə olunur
Türkiyənin şərqindəki Van əyalətində Anadolunun ən böyük su hövzəsi olan Van gölünün ekoloji mühafizəsi ilə bağlı müzakirələr keçirilib.
Azturkxeber.az xəbər verir ki, rəsmi şəxslərin, alimlərin və mütəxəssislərin iştirak etdiyi ikigünlük tədbir Sıfır Tullantı Fondu, Van və Bitlis vilayətlərinin valilikləri, bir neçə universitetin rektorluqları, ətraf mühit və iqlim dəyişikliyi qurumları tərəfindən təşkil edilib.
Van gölü hövzəsinin ekoloji, iqtisadi, sosial və mədəni gələcəyinə hərtərəfli yanaşma inkişaf etdirməyi hədəfləyən müzakirələrin ilk günündə Türkiyədə bu gölün və ona bitişik bölgələrin vəziyyəti açıqlanıb.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Burak Demiralp, Sıfır Tullantı Fondunun rəhbəri və BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Samed Ağırbaş, Türkiyə Prezidentinin baş müşaviri Gülşen Orhan və digərləri bu unikal su hövzəsinin qorunması üçün atılacaq addımlarla bağlı fikirlərini bölüşüblər.
Xüsusilə, Sıfır Tullantı Fondunun rəhbəri Van gölünü Türkiyənin ən vacib təbii xəzinələrindən biri adlandırıb.
S. Ağırbaş Türkiyə Prezidentinin həyat yoldaşı Əminə Ərdoğanın səylərini yüksək qiymətləndirib. Onun himayəsi altında ölkə daxilində “Sıfır tullantı” kampaniyası uğurla həyata keçirilir.
O, Van gölünün ekoloji gündəliyi ilə bağlı məsələlər daxil olmaqla, qarşıya qoyulmuş bütün məqsədlərə çatacağına əminliyini bildirib.
“Sağlam düşüncə, elmi yanaşma və qurumlararası sıx əməkdaşlığa əsaslanaraq, 2050-ci ilə qədər olan dövr üçün Van gölü hövzəsinin inkişaf konsepsiyasını birgə həyata keçiririk. Bu gün, su ehtiyatlarını diqqətlə idarə etmək və onları gələcək nəsillərə ötürmək hər zaman olduğundan daha çox vacibdir”, - deyə fondun rəhbəri qeyd edib. O, həmvətənlərini hər yerdə təbiəti qorumağa çağırıb.
S. Ağırbaş Türkiyənin su çatışmazlığı olan ölkələr arasında yer aldığını xatırladıb. “Su ehtiyatlarını qorumasaq, sabah ciddi su çatışmazlığı ilə üzləşəcəyik”, - deyə o, Antalyada keçiriləcək COP31-də Van gölünün Türkiyənin “vizit kartlarından” birinə çevriləcəyinə ümid etdiyini bildirib.
“Şübhəsiz ki, bu gün Van gölü hövzəsində həyata keçirdiyimiz ekoloji təşəbbüslər Ankaranın COP31-dəki məqsədlərinə çatmasına töhfə verəcək”, - deyə Türkiyə fondunun rəhbəri əminliyini ifadə edib.
Müzakirələrin ikinci günü (iyulun 21-də - redaktorun qeydi) tematik mövzulara həsr olunacaq. Mütəxəssislər və alimlər iqlim, su ehtiyatları, ekosistemlər, həyat keyfiyyəti, iqtisadi inkişaf, digər sahələrdəki təşəbbüsləri nəzərdən keçirəcəklər.
Aparılan müzakirələrdən sonra hazırlanacaq yekun hesabat Van gölü hövzəsinin dayanıqlı inkişafı üzrə Yol Xəritəsinin əsasını təşkil edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:










