azturkxeber.az
http://azturkxeber.az

Tovuzda bol kartof yetişib, qiymətlər isə fermerləri qane etmir

20-07-2026

Qərb bölgəsinin əsas kartofçuluq rayonlarından olan Tovuzda məhsul yığımı davam edir. Bu il əkin sahələrində məhsul bolluğu müşahidə olunur. Fermerlər kartofu həm yerli bazarlara göndərir, həm də xarici bazarlara çıxarmağa çalışırlar.

Hazırda əkin sahələrinə texnikalar cəlb olunub, eyni zamanda, əl əməyindən də istifadə edilməklə məhsul yığımı aparılır. Fermerlərin sözlərinə görə, məhsuldarlıq yüksək olsa da, bazarda mövcud qiymətlər onları tam qane etmir. Hazırda sahələrdən satışa çıxarılan kartofun bir kiloqramı təxminən 30–35 qəpiyə təklif olunur.

Bu il Tovuz rayonunda 4 min 270 hektar sahədə kartof əkilib. Bu göstərici ötən illə müqayisədə bir qədər azalıb. Hazırda mövcud kartof sahələrinin yarısından çoxunda məhsul yığımı başa çatdırılıb. Fermerlər bildirirlər ki, yüksək məhsuldarlıqda xaricdən gətirilən məhsuldar toxum sortlarının və müasir aqrotexniki üsulların tətbiqinin mühüm rolu var.

Kartof istehsalı ilə məşğul olan təsərrüfatlardan biri də Həsən Zeynalova məxsusdur. Bildirib ki, bu il 85 hektar sahədə kartof əkilib. İstifadə olunan elit səviyyəli kartof toxumları əsasən Niderland və Türkiyədən idxal olunur. Təsərrüfatda həm də toxumçuluqla məşğul olunduğu üçün yerli şəraitə uyğunlaşdırılmış toxumların satışı da həyata keçirilir. Növbəli əkin və müasir suvarma sistemlərinin tətbiqi sayəsində məhsuldarlıq olduqca yüksəkdir.

“Yeddi sort kartof becəririk. Hər hektardan 600–700 sentner, bəzən isə daha çox məhsul əldə edə bilirik. Əkin-biçin zamanı 100-dən çox günəmuzd işçi cəlb olunur. Yığım prosesi isə bir ay, bəzən 50 günə qədər davam edir. Hər il təsərrüfatımızı genişləndirməyə çalışırıq. Ötən illə müqayisədə bu il 10 hektar artıq sahədə kartof əkmişik. Məhsullarımızı yerli bazarla yanaşı, Rusiyaya da ixrac edirik. Kartofun saxlanılması üçün 2500 tonluq soyuducu anbarımız var”, - deyə o əlavə edib.

Həsən Zeynalov bildirib ki, məhsuldarlıq yüksək olsa da, istehsal xərclərini nəzərə aldıqda bu qiymət fermerləri tam qane etmir: "Məhsul boldur. Ancaq qiymətlər bir qədər yüksək olsa, çəkdiyimiz zəhmətin qarşılığını daha yaxşı ala bilərik. Ümid edirik ki, məhsulun ixrac həcmi artdıqca bazarda qiymətlər də sabitləşəcək".

Mütəxəssislər hesab edirlər ki, məhsulun bir hissəsinin xarici bazarlara çıxarılması daxili bazarda tarazlığın qorunmasına da müsbət təsir göstərir. Bununla yanaşı, məhsulun daha uzun müddət saxlanılması və bazara mərhələli şəkildə çıxarılması üçün soyuducu anbarların əhəmiyyəti böyükdür.

Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Mais Mustafayev bildirib ki, kartof bitkisi Tovuz rayonu üçün prioritet əkin sahələrindən biridir. “2026-cı il üçün 4 min 270 hektar sahədə kartof əkilib. Hazırda 2 min hektardan artıq sahədən məhsul yığılıb. Məhsuldarlıq orta hesabla hər hektardan 30–35 ton təşkil edir. Lakin bəzi fermerlər 50–60, hətta 70 tona qədər məhsul götürüblər. Bu il havaların qeyri-sabit keçməsinə baxmayaraq, aqrotexniki tədbirlərə riayət edən fermerlər yüksək nəticələr əldə ediblər. Tovuzda kartofçuluğun inkişafı üçün iqlim şəraiti əlverişlidir. Rayonun dağlıq ərazilərində dəmyə, aran zonasında isə suvarılan sahələrdə yüksək məhsul götürmək mümkündür”, - deyə o qeyd edib.

Hazırda rayonun müxtəlif kəndlərindən gündə yüzlərlə ton kartof ölkənin iri şəhərlərinə və xarici bazarlara göndərilir. Fermerlər hesab edirlər ki, istehsalın daha da artırılması ilə yanaşı, satış və saxlanma imkanlarının genişləndirilməsi də kartofçuluğun inkişafına əlavə töhfə verə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031