azturkxeber.az
http://azturkxeber.az

Milli geyimlərimiz müasir modaya inteqrasiya olunur

20-07-2026

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə nazir müavini Səadət Yusifovanın rəhbərliyi altında “Milli geyimlərin stilizasiyası: müasir problemlər və həlli yolları” mövzusunda işgüzar görüş keçirilib.

Nazirlikdən bildirilib ki, görüşdə milli geyim standartlarının hazırlanması üzrə Alt Komitənin üzvləri ilə yanaşı, moda dizaynerləri, özəl sektor nümayəndələri, geyim istehsalçıları və yaradıcı sənaye sahəsinin digər təmsilçiləri iştirak ediblər.

Tədbirdə milli geyimlərin qorunması və müasir modaya elmi əsaslarla inteqrasiyası, stilizasiya zamanı tarixi, bədii və semantik xüsusiyyətlərin qorunmasının vacibliyi, milli geyim elementlərinin gündəlik istifadəyə qaytarılması, yerli brendlərin inkişafı və kütləvi istehsal imkanlarının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini Səadət Yusifova deyib ki, milli geyimin müasir modaya inteqrasiyası təsadüfi yanaşma deyil, elmi tədqiqatlara, mütəxəssis əməkdaşlığına və institusional dəstəyə əsaslanan davamlı proses olmalıdır. Qeyd olunub ki, milli geyim yalnız muzey eksponatı kimi deyil, gündəlik həyatın və müasir yaradıcı sənayelərin ayrılmaz hissəsinə çevrilməlidir.

Görüş zamanı iştirakçılar tərəfindən səsləndirilən təkliflər dinlənilib, beynəlxalq təcrübə nümunələri müzakirə olunub və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Sözügedən təşəbbüs “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında nəzərdə tutulan mədəni irsin müasir yaradıcı sənayelərlə əlaqələndirilməsi, milli mədəni dəyərlərin innovativ yanaşmalar əsasında yaşadılması, yaradıcı iqtisadiyyatın inkişafı və mədəni irsin davamlı istifadəsinin təşviqi istiqamətlərinin icrasına xidmət edir.

Mədəniyyət Nazirliyi bu istiqamətdə dövlət qurumları, elmi müəssisələr, dizaynerlər, istehsalçılar və digər maraqlı tərəflərlə əməkdaşlığın genişləndirilməsini və milli geyim irsinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üzrə işlərin davam etdirilməsini nəzərdə tutur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031