azturkxeber.az
http://azturkxeber.az

Londonda dördüncü “YAŞAT” yay məktəbinə start verilib

20-07-2026

“YAŞAT” Fondunun təşkilatçılığı, bp-nin sponsorluğu və Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda dördüncü “YAŞAT” yay məktəbinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, yay məktəbinin iştirakçıları iyulun 19-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Londona yola düşüblər.

On dörd gün davam edəcək yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını inkişaf etdirmək, onların mədəniyyətlərarası mübadilədə fəal iştirakını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni dostluq münasibətləri və tanışlıqlar qurmalarına dəstək olmaqdır.

İyulun 19-dan avqustun 2-dək davam edəcək yay məktəbi London Universitet Kollecində keçirilir. Proqram çərçivəsində iştirakçılar hər gün 3 saatlıq ingilis dili dərslərinə qatılacaq, həmçinin London şəhəri üzrə ekskursiyalarda, tarixi abidələrə və muzeylərə təşkil olunan gəzintilərdə iştirak edəcəklər.

Yay məktəbində ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanlarında ən yüksək nəticələr əldə etmiş 10 şəhid övladı iştirak edir.

Qeyd edək ki, layihənin media tərəfdaşı ASAN Radio və ASAN TV-dir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031