azturkxeber.az
http://azturkxeber.az

BMU tələbələri Pekində yay məktəbinin növbəti proqramlarına qoşulublar

20-07-2026

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Çin Xalq Respublikasının Pekin İnşaat və Memarlıq Universitetində (BUCEA) keçirilən “Ağıllı şəhərlər üzrə Beynəlxalq Yay Məktəbi” çərçivəsində növbəti elmi və tədris proqramlarında iştirak ediblər.

Universitetdən bildirilib ki, proqram çərçivəsində iştirakçılar BUCEA-nın Memarlıq və şəhərsalma fakültəsinin Şəhər və kənd planlaşdırılması kafedrasının dosenti Zhang Yingyinin “Ağıllı şəhər və mədəni irsin dirçəldilməsi: Yay Sarayının tarixi memarlıq irsinin yenidən canlandırılması üzrə elmi tədqiqat” mövzusunda mühazirəsini dinləyiblər.

Mühazirədə Pekinin tarixi-mədəni irs nümunələrindən olan Yay Sarayı timsalında ağıllı şəhər konsepsiyası ilə mədəni irsin qorunması arasındakı əlaqə izah edilib. Tələbələr qədim memarlıq nümunələrinin müasir texnologiyalar vasitəsilə mühafizəsi, tarixi məkanların şəhər həyatına inteqrasiyası, landşaft memarlığı, məkan planlaşdırılması və dayanıqlı şəhər inkişafı sahəsində tətbiq olunan müasir yanaşmalar barədə məlumat əldə ediblər.

Daha sonra professor Fu Fan tərəfindən Çin landşaft memarlığı, şəhər yaşıl məkanlarının ekoloji əhəmiyyəti, mədəni irsin mühafizəsi və şəhər mühitinin dayanıqlı inkişafında landşaft memarlığının rolu ilə bağlı təqdimat keçirilib.

Yay məktəbi çərçivəsində BMU tələbələri Pekində yerləşən “Shougang Park” sənaye irsi parkına da gediblər. “Yaşayan mədəni irsin rəqəmsallaşdırılması və sənaye irsinin xatirələrinin birgə qorunması” mövzusunda təşkil olunan proqram zamanı iştirakçılar keçmiş metallurgiya zavodunun innovasiya, mədəniyyət və texnologiya mərkəzinə çevrilməsi prosesi ilə tanış olublar.

Tədris səfəri zamanı tələbələr sənaye irsinin qorunaraq yeni funksiyalar qazanması, rəqəmsal texnologiyaların tarixi obyektlərin təqdimatında tətbiqi, həmçinin 2022-ci il Pekin Qış Olimpiya Oyunları üçün yenidən qurulan “Shougang Park”ın şəhərsalma və dayanıqlı inkişaf baxımından əhəmiyyəti barədə məlumatlandırılıblar.

Proqramın növbəti tədbirlərindən biri UNESCO-nun dayanıqlı inkişaf yanaşmalarına həsr olunub. İştirakçılar UNESCO-nun keçmiş rəhbər heyətində təmsil olunmuş professor Han Qunlinin “Qlobal dayanıqlılıq naminə UNESCO-nun elmi əməkdaşlığı” mövzusunda mühazirəsini dinləyiblər. Mühazirədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında beynəlxalq elmi əməkdaşlığın əhəmiyyəti, iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, su ehtiyatlarının səmərəli idarə olunması və ekoloji davamlılıq kimi aktual məsələlər geniş şəkildə müzakirə edilib.

Yay məktəbi çərçivəsində təşkil olunan proqramlar BMU tələbələrinin ağıllı şəhərlər, mədəni və sənaye irsinin qorunması, landşaft memarlığı və şəhərsalma sahələrində nəzəri biliklərinin artırılmasına, həmçinin qabaqcıl beynəlxalq təcrübə ilə yaxından tanış olmalarına imkan yaradıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031