azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan jurnalistikası: peşəkarlıq, obyektivlik, qərəzsizlik, və vətənpərvərlik prinsiplərinə sadiq

20-07-2026

Azərbaycan xalqının milli-mənəvi yaddaşında xüsusi yer tutan əlamətdar tarixdir. Bu gün yalnız ilk milli qəzetimiz olan “Əkinçi”nin nəşrə başlamasının ildönümü deyil, həm də Azərbaycan jurnalistikasının keçdiyi 150 ildən artıq inkişaf yolunun, milli özünüdərk tarixinin, azad fikir ənənələrinin və dövlətçilik ideyalarının təntənəsidir. 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın əsasını qoymaqla yanaşı, xalqımızın maariflənməsi, milli kimliyinin formalaşması, ana dilinin inkişafı və ictimai fikrin təşəkkülündə əvəzsiz rol oynadı.

Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” milli jurnalistikanın ideya məktəbinə çevrildi və sonrakı dövrdə yaranan bütün mətbuat orqanlarının inkişaf istiqamətini müəyyənləşdirdi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan mətbuatının tarixi missiyasını belə xarakterizə edirdi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Bu fikir Azərbaycan mətbuatının yalnız informasiya daşıyıcısı deyil, həm də milli ideologiyanın, dövlətçilik düşüncəsinin və azadlıq məfkurəsinin formalaşmasında oynadığı tarixi rolu aydın şəkildə ifadə edir. Milli mətbuatımız XIX əsrin sonu və XX əsrin əvvəllərində “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər nəşrlər vasitəsilə milli oyanışın əsas tribunasına çevrildi. Bu nəşrlər cəmiyyətin maariflənməsinə, ana dilinin inkişafına, milli istiqlal ideyasının möhkəmlənməsinə mühüm töhfələr verdi. Müstəqillik dövründə isə Azərbaycan mediasının inkişafı tamamilə yeni mərhələyə qədəm qoydu. Xüsusilə 1993-cü ildən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində fundamental addımlar atıldı. 1998-ci ildə dövlət senzurasının ləğv edilməsi Azərbaycan media tarixinin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Bununla ölkədə azad jurnalistikanın inkişafı üçün hüquqi və siyasi zəmin formalaşdırıldı. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, güclü dövlətin ayrılmaz atributlarından biri peşəkar və məsuliyyətli mətbuatdır: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir.” Dövlət başçısının rəhbərliyi ilə son illərdə media sektorunda həyata keçirilən islahatlar Azərbaycan mediasının institusional inkişafını yeni mərhələyə yüksəldib. 2021-ci ildə Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul olunması, Media Reyestrinin formalaşdırılması, media subyektlərinə tətbiq olunan vergi güzəştləri, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və güzəştli ipoteka imkanlarının yaradılması dövlətin media siyasətinin sistemli xarakter daşıdığını göstərir. Eyni zamanda, Milli Məclisdə qəbul edilmiş son qanunvericilik dəyişiklikləri nəticəsində Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Bu addım çap, onlayn və audiovizual medianın vahid yanaşma əsasında tənzimlənməsini, milli informasiya təhlükəsizliyinin gücləndirilməsini və rəqəmsal dövrün çağırışlarına daha çevik cavab verilməsini təmin etməyə xidmət edir. Bu gün Azərbaycan mediası yalnız ölkədaxili informasiya məkanının deyil, qlobal informasiya sisteminin də fəal iştirakçısına çevrilib. Rəqəmsal texnologiyalar, internet media, sosial platformalar və süni intellekt informasiya istehsalı və yayımı sahəsində tamamilə yeni imkanlar yaradıb. Bununla yanaşı, dezinformasiya, kibertəhlükələr və informasiya manipulyasiyaları media qarşısında yeni məsuliyyətlər müəyyənləşdirir. Xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan mediası informasiya cəbhəsində peşəkarlıq nümayiş etdirərək dövlətimizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Azərbaycan jurnalistləri yalnız hadisələri işıqlandırmadılar, həm də informasiya müharibəsinin fəal iştirakçıları oldular, saxta xəbərlərə qarşı mübarizə apardılar, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdilər. Şuşada keçirilən Qlobal Media Forumları da artıq beynəlxalq media əməkdaşlığının mühüm platformasına çevrilib. 2026-cı ildə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan qlobal media dialoqunun təşəbbüskarlarından biri kimi çıxış edir. Forum çərçivəsində medianın sülhyaratma prosesində rolu, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual məsələlər geniş müzakirə olundu. 2025-ci ildə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması və yubiley medalının təsis edilməsi milli jurnalistikaya verilən yüksək qiymətin növbəti ifadəsi oldu. Prezident İlham Əliyevin yubiley münasibətilə imzaladığı Sərəncamda qeyd olunduğu kimi, “Əkinçi” yalnız ilk qəzet deyil, həm də milli özünüdərkin, maarifçiliyin və mütərəqqi jurnalistikanın başlanğıcıdır. Müasir dövrdə Azərbaycan mediasının qarşısında duran əsas vəzifələr peşəkarlığın daha da yüksəldilməsi, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, media savadlılığının artırılması, süni intellekt imkanlarından səmərəli istifadə, milli informasiya resurslarının qlobal rəqabət qabiliyyətinin gücləndirilməsi və dezinformasiyaya qarşı effektiv mübarizənin davam etdirilməsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan jurnalistikası bundan sonra da peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə sadiq qalmalı, dövlətçilik maraqlarını daim uca tutmalı, cəmiyyətin düzgün və operativ məlumat almaq hüququnun təmin edilməsində öz tarixi missiyasını layiqincə yerinə yetirməlidir.

Zəngin ənənələrə malik Azərbaycan milli mətbuatı bundan sonra da dövlətimizin inkişafına, milli maraqlarımızın qorunmasına, cəmiyyətimizin düzgün və obyektiv məlumatlandırılmasına, Azərbaycanın beynəlxalq informasiya məkanında mövqelərinin daha da möhkəmləndirilməsinə mühüm töhfələr verməyə davam edəcək.

Sevinc Hüseynova

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031